Əziz MUSA.Yeni şeirlər

em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

BU GECƏ

Gəl eyləmə aşiqini, gülüm pərişan, bu gecə.
Gəl eyləyim bu canımı, mən sənə qurban, bu gecə.

Sən olmasan neyləyərəm, qəlbim od tutub alışar,
Məni dərdə, qəmə salır ayrılıq, hicran, bu gecə.

Gəl könlümü şad eylə sən, nura boya yeri-göyü,
Qoyma gülüm aşiqini, qoyma nigaran, bu gecə,

Sən günəşim, sən ayımsan, sənsiz dünya nəyə lazım,
Gəl evimi, otağımı eylə çıraqban, bu gecə,

Güldən ötrü nalə çəkir, sübhə qədər şeyda bülbül,
Bülbül belə ağlayırsa, neyləsin insan bu gücə.

Əziz Musa sevir səni, pərvanə şam sevən kimi,
Gəl başına dönüm sənin, ol mənə mehman bu gecə.

DÜZ ADAM

Düz elə düzdə də qalar,
Dərd-qəmdən saralıb, solar
Gözü bulud kimi dolar,
Dərisi soyulan düzün.

Bu dünyanın gözü kordu,
Zalımların işi zordu,
Fələklər ümidin qırdı,
Gözləri ovulan düzün.

Əyrilər düzlərdən çoxdu,
Yalan sinə deşən oxdu,
Əlindən tutanı yoxdu,
Dizləri əyilən düzün.

Gecələr bir yuxu yatmaz,
Səsi yatanı oyatmaz,
Bir kimsə hayına çatmaz,
Elə hey döyülən düzün,

Danışmaqdan batar səsi,
Gözündə qalar həvəsi,
Eşidilməz ah-naləsi,
Hər zaman söyülən düzün.