Namiq HACIHEYDƏRLİ.”Xalq yazıçısı Anarın “istiqamətverici” sözü və ya Oqtay Rzanın son zəngi”

Oqtay Rza ilə tanışlığımız 1993-cü ildən başladı. O zaman Oqtay Rzanın da çalışdığı Azərbaycan Dövlət Pedaqoji Universitetində 1-ci kursda oxuyurdum. Amma bizim qrupda yox, Coğrafiya fakültəsində dərs deyirdi. Mənimlə eyni kursda Coğrafiya fakültəsində oxuyan xeyli tanışlarım və dostlarım vardı. Oqtay Rzanın dərslərindən, dərs zamanı söylədiyi poeziya nümunələrindən ağızdolusu və həvəslə danışırdılar. Dərslərində ayrı-ayrı çaylar, dənizlər, dağlar, ölkələr haqqında şeir deyə-deyə, əslində, tələbələrdə poeziyaya böyük sevgi hissinin yaranmasına rəvac verirdi. Odur ki, onun tələbələri arasında poeziyasevərlərin sayı daha çox olardı. Tədris ilinin başladığı günlərdən tələbələri ondan o qədər böyük həvəslə söz açdılar ki, ən qısa zamanda Oqtay müəllimlə yaxından tanış olmaq, söhbətləşmək istədim. İlk fürsətdə yaxınlaşdım, tanış olduq, söhbətləşdik. Sonralar tez-tez həmsöhbət olurduq. Əlyazma şəklində təqdim etdiyim şeirlərimi oxuyub fikrini deyər, düzəlişlər edərdi. Bu bizi doğmalaşdıran məqamlardan biri idi. Nə danım, bizi doğmalaşdıran digər amil isə eyni torpaqda doğulub boya-başa çatmağımız idi.

Oqtay Rzanı yaxından tanıyanlar bilir ki, onun yaradıcılığında ithaf şeirləri xüsusi yer tutur. Belə ithaflardan birini də tanış olduğumuz ilk vaxtlarda – 1993-cü ildə mənə yazmışdı. Cəmi 2 misra olan həmin şeir belə idi:

Namiq! Xoş, mənalı ömür sürəsən!

Mənim vətənpərvər eloğlum, əhsən!

Sonralar birlikdə dəfələrlə səfərlərdə və eyni məclislərdə olduq. İllər keçdikcə bir-birimizə daha da doğmalaşdıq. 1999-cu ildə Azərbaycan Yazıçılar Birliyinə üzvlük üçün sənədlərimi hazırlayanda haqqımda zəmanət yazan 3 ədəbiyyat adamından biri də Oqtay müəllim oldu (digərləri İmamverdi Əbilov və Əjdər Ol idi).

Oqtay Rza iştirak etdiyi bütün məclislərdə xoş ovqat yaratmağı bacarırdı. O bunu süni şəkildə etmirdi. Hazırcavablıq, baməzəlik, nikbin ovqat və ən əsası səmimiyyət onun təbiətində idi. Onunla birlikdə keçirdiyim səfərlər, görüşlər mütləq hansısa xoş bir əhvalatla yadda qalırdı. Elə bu yazımda da Oqtay Rza ilə bağlı uzun-uzadı danışıb oxucunu yormaq fikrində deyiləm, onunla bağlı yaddaşıma həkk olan çoxsaylı əhvalatlardan üçünü yazmaq istəyirəm;

Birinci əhvalat 2008-ci ildə Salyanda olmuşdu.

2008-ci il iyulun 11-də Salyanda Azərbaycan Yazıçılar Birliyi Muğan bölməsinin təsis konfransı oldu. AYB-nin sədri, xalq yazıçısı Anar, xalq şairi Fikrət Qoca, AYB Mətbuat Xidmətinin rəhbəri, şair Ədalət Əsgəroğlu, yazıçı Elçin Hüseynbəyli və digərləri ilə bərabər Oqtay Rza da Salyana konfransa gəlmişdi. Təvazökarlıqdan uzaq çıxmasın, AYB Muğan bölməsi şəxsən mənim təşəbbüsüm və bu yöndə ciddi çalışmalarım sonucunda meydana gəldiyi üçün konfransda Anar müəllim sədrliyə mənim namizədliyimi irəli sürdü. 2015-ci ilə qədər bölmənin rəhbəri oldum. Konfransdan qayıdanda Salyanda yol kənarındakı restoranlardan birində oturub çörək yedik. “Yerli xalqın nümayəndəsi” kimi ilk badəni Oqtay Rza qaldırdı, qonaqlara “xoş gəldin” elədi, ilk sözü Anar müəllimə verdi və masa ətrafında əyləşənlərə birinci badəni xalq yazıçısı Anarın sağlığına içməyi təklif elədi. Ümumiyyətlə, demək olar ki, məclisi sona qədər Oqtay Rza idarə edir, növbə ilə qonaqlara söz verirdi. Maraqlı məqam isə məclisin sonuna yaxın yaşandı. Artıq xeyli içmiş, kefi daha da kökəlmiş Oqtay Rza içkini sonuncu badəyə süzüb, ucadan, bir qədər də pafosla, “Həzərat! Təklif edirəm ki, axırıncı sağlığı da Anar müəllim söyləsin. Qoy, o bizə istiqamətverici bir söz desin”, – dedi.

Anar müəllim təmkinlə badəni qaldırıb, həmin “istiqamətverici” sözü dedi:

– İstiqamətverici söz kimi onu deyə bilərəm ki, burdan durandan sönra istiqamətimiz Bakıya tərəf olacaq!

İkinci əhvalat bundan 10 il sonra, 2018-ci ildə baş verdi. AYB-nin Natəvan klubunun giriş qapısında tədbirdən çıxan qocaman şairimiz Oqtay Rza ilə rastlaşıram. Qısa hal-əhvaldan sonra xeyli müddətdi işsiz olduğumu bildiyi üçün soruşur:

– Hacıheydərli! İşləyirsənmi?

– Yox, Oqtay müəllim! Hələ ki işsizəm – deyincə, 85 yaşın içində olan şairin yarızarafat, yarıciddi cavabı çox maraqlı oldu:

– Eybi yoxdu, ürəyinə salma, elə mən də işləmirəm…

Üçüncü əhvalat isə 1-2 ay əvvəl olmuşdu. Zəng eləmişdi. Xeyli danışdıq, dərdləşdik. Bəzi doğma bildiyi, umduğu insanlardan incikliyini ifadə etdi. Eşidibmiş ki, artıq Qaradağ rayonunda işləyirəm. Söhbət əsnasında bu mövzuya toxundu:

– Ustad! (Bu onun tez-tez işlətdiyi müraciət formalarından biri idi). Eşitdim Qaradağ rayonunda işləyirsən.

– Düzdü, Oqtay müəllim – dedim.

Hər 3 adda Qara sözünü xüsusi vurğulayaraq:

– Maraqlıdı ee – dedi – Qaraçalada doğuldun, Qaraçuxurda yaşayırsan, Qaradağda işləyirsən…

– Tanrının izni ilə növbəti hədəfim Qarabağdır! – dedim.

– Pəh! Əla! Nə gözəl dedin! Ustad! Vaxt eliyək görüşək! Sağ ol! – dedi.

…Amma bir daha görüşə bilmədik. Bu, Oqtay Rza ilə aramızda olan son söhbət, son zəngləşmə və son dərdləşmə oldu.

Ruhun şad olsun, Oqtay müəllim!

27 avqust 2019-cu il

Mənbə: http://edebiyyatqazeti.az