Bu gün şeirin dünyasıdı,
tәptәzә şeirim doğulub,
O şәrәfә süfrә açıb
sözdәn ziyafәt verirәm.

Sözsüz dünya lal-kar olar,
yer çevrilәr cәhәnnәmә,
Qәlbimin hәr bucağında
sizә bir cәnnәt verirәm.

Yer üzünün rәssamıyam,
fırça mәnim әlimdәdir,
Hәr sözә bir naxış vurub
tәzә bir zinәt verirәm.

Arı ilә dost olmağım
bu gün verib bәhrәsini,
Hәr sözümә bal qatılıb,
hәr kәsә nemәt verirәm.

Mәnim şeirim gülüstandı,
hәr çiçәkdәn dәrmәk olar,
Kim nә dәrsә halalıdır,
halal bir nemәt verirәm.

Tәzә ruha, tәzә sәsә
әl qaldırıb amin deyin,
Bu gün candan can ayrılıb,
könüldәn sәrvәt verirәm.

Qәbul etsin dәvәtimi,
unutmasın söhbәtimi,
Gәlәn mәni bağışlasın,
bir azca zәhmәt verirәm.

Safdı ruhum, safdı eşqim,
nәfәsim dә saf qalacaq,
Mәn dә şeirin dünyasına
bu cür tәravәt verirәm.

Ölüm haqdı, Zәlimxan da
bu dünyadan köçüb gedәr,
Şeirim könül әmanәti,
sizә әmanәt verirәm.

2011, 13 fevral