Saqif QARATORPAQ.Yeni şeirlər

Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Hüseyn Arif” Ədəbi Məclisinin sədri

* * *

Mən sükutun dilini elə gözəl bilirəm,
Mənim kimi susmağı daha kimsə bacarmaz.
Gülə-gülə ağlayıb susanların içində
Zalım,mənim adımı birinci sırada yaz!

Bu səhər də oyandım,şükür,hələ ki sağam,
Şirin yalanlar deyib azdırmışam ölümü…
Sirr deyil ki qoy deyim,ürəyimdən asmışam
Adının baş hərfinə uzanan sağ əlimi.

Daha bizdən danışmaz o küçə də,o yol da,
Başı elə qarışıb təptəzə nağıllara.
Bir xatirə boynunu büküb içimdə ağlar,
Hər gecə köks ötürüb boylanar uzaqlara.

Bəlkə şirin yuxuymuş başımıza gələnlər,
Ayrılığa “sağ ol” de,bizi yaxşı oyatdı.
Ayağımın izini göz yaşlarım yuyandan
Nə varsa bu ömürdə,elə hamsı boyatdı.

Elə də çətin deyil,vallah,bəhanə tapmaq,
Nə var nağıl uydurub özünü altadmağa.
Hər gecə üz-gözümü yuyub ay işığında,
Gedirəm bir misranın qolu üstə yatmağa…

* * *

Yenə gözdən uzağam,
heç düşmürəm yadına.
Yollarıma boylanıb,
baxmırsan saatına…

Başını iş- güc qatıb,
öz içində itmisən.
Ömür yolu bir addım,
qaça-qaça getmisən.

Sevgi çoxdan köhnəlib,
atmısan,küncə düşüb.
Könlündə bir qız ağlar,
yumaq kimi büzüşüb…

Saçların yadırğayıb
gör haçandı sığalı.
Yenə ağlın başında
dolanırsan havalı.

Xatirələr boy vermir,
boğulursan,batırsan.
Ömür-bir oyuncaqdı,
sən başını qatırsan…