Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
“Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
“Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

* * *

Bir məktub yazmışam Allaha o gün,
Yazmışam haqsızlıq baş alib gedir.
Aldadan, aldanan çoxalıb yaman,
Qurumur, gözümü yaş alıb gedir.

Çoxumuz nökərik, yoxdu qağamız,
Qanmazlar əlində qalıb yaxamız,
Sənə üz tutmuşuq, sənsən ağamız,
ağlımı, başımı huş alıb gedir.

Amandır, ay Allah düşdük nə günə,
Susub mərd oğullar, qoymurlar dinə,
Bürüyüb nahaqdan alıb cənginə,
Dünyanı kəsiilən baş qalıb gedir.

Doğrandıq min yere, böldük min yerə,
Dirildik min kərə, öldük min kərə,
Haqsızlıq atını çapıb minbərə,
Gözümü çapılan qaş alıb gedir.

Acı söz yeməkdən dilim də acı,
Yerindən dikələn olubdu hacı,
Şeytanlar burdadı, yoxdu əlacı,
Kəbəni atılan daş alıb gedir.

Qarabağ qoxlayır uçan ruhumuz
Xocalı qanından içən ruhumuz,
Dərddən dərd yüklənib köçən ruhumuz,
Yalan, boş vədlərdən “nuş” alıb gedir.

De, necə məst olaq vəfasız yardan?!
Qurtarmır könüllər, qurtarmır dardan,
Astaca çalınan boş havalardan,
Biçarə Nəcibə “quş” olub gedir…

* * *

Aman Allah bir od düşüb canıma,
Zəli kimi dərd daraşıb qanıma,
Bu zamanın sərt üzünü tanıma,
Nə köhləni, nə yorğası bilinmir.,

Oda düşüm yanar oldum. yanmadım,
Həqiqəti düz söylədim, danmadım
Şair gördüm sözlərini qanmadım,
Nə çobanı, nə qağası bilinmir.

Tazı gördüm, dovşanına qaç deyir,
Dovşan gördüm, tazısına köç deyir,
Bala sərçə anasına uç deyir,
Nə kiçiyi, nə darğası bilinmir.

Alovlanır ürəyimdə sözlərim,
Çox haqsızlıq görüb bu kor gözlərim.
Qında gördüm, yalan, yaltaq üzləri,
Nə tülküsü, nə bağası bilinmir.

Nəcibəyəm, sanki düşmüsəm tora,
Bu dərd məni nə öldürə, nə yora,
Bəzi oxuyandan üzümüz qara,
Nə bülbülü, nə qarğası bilinmir.