Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Hüseyn Arif” Ədəbi Məclisinin sədri

* * *

Yerdə yer tapmadıq,
Gedək göyə çıxaq.
Sözdə itib batdıq.
Səslən,neyə çıxaq.

Dərviş olammadıq,
Baxtnan dolanmadıq,
“A”-da qalanmadıq,
Dönək “B”-yə çıxaq.

Yurdda-yuvasızıq,
Dərddə-dəvasızıq.
Burda havasızıq,
Təzə “öyə” çıxaq.

Yandıq közümüzdən,
Doyduq sözümüzdən,
Çıxdıq özümüzdən,
İndi nəyə çıxaq?

Gül olmaz bu güldən,
Gül alma hər əldən.
Bu dəli könüldən
“Sağ ol”-deyə,çıxaq.

* * *

Daha təkcə özüməm bu qədim xarabada,
Bir də veyil küləkdi-buludları hürküdən.
Bir bənövşə boylanır bir divarın çatından,
Bir də sınıq qapıdı…nə gələn var,nə gedən…

Unudulmuş adayam kainatın ovcunda,
Itirmişəm illərin sayını, hesabını.
Bu gündən başlayaraq gərək təzədən yazam
Köhnə-kürüş ömrümün sonuncu kitabını.

Ha axtardım hər yeri bir ağ varaq tapmadım,
Batıb baxt gəmisində zamanın sularına.
Yadımdan çıxır deyə,nə varsa bircə-bircə
Cızım tənha evimin boz,uçuq divarına.

Silinib yaddaşımdan,yoxdu bir xatirə də…
Hərdənbir xatırlayıb barı bir az kövrəlim.
His basmış bir çıraqdı nə zamandı ürəyim,
Hovxurub nəfəsiylə parıldadar kim silib…

* * *

Hər səhər tezdən durub
Qaçırsan iş dalınca.
Axşamlar güclə yetir
Başın soyuq balınca.

Tale kəpənək kimi
Gör necə qovur səni.
Bu səs-küyün içində
Axı kim duyar səni?

Mən də sənin günündə,
Bəlkə səndən betərəm.
Qarışıb adamlara
Küçələrdə itərəm.

Məni görmək çox asan,
Məni görmək çox çətin.
Keçib getdin yanımdan,
Məni niyə görmədin?