Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

HARA APARIRSAN
/”Ömürdən- gündən” – silsiləsindən/

Yaşamın hər anı təhlükə, hürkü,
Bilinmir həyatın ciki, nə biki.
Çiyində palantək ehtiyac yükü,
Hara aparırsan, bizi sən Dünya?

Nə ağıl, nə savad alınmır vecə,
Cənnətsən, behiştsən dəliyə, gicə.
Səni dərk edəmmir sağlam düşüncə,
Hara aparırsan, bizi sən Dünya?

Açıb bir töksənə, sinəndən sirri,
Nədən dəyişibdir, “atla- it yeri”?
Bəlkə döndərəsən “çərxi”ni geri,
Hara aparırsan, bizi sən Dünya?

Allah lənət etsin haram salana,
Hamı dəm veribdir dildə yalana.
Bu xalqı döndərib zəlil, nalana,
Hara aparırsan, bizi sən Dünya?.

Müğəddəs nə varsa, dönüb tərsinə,
Gözlər dikilibdir özgə mərzinə.
Rüşvət meyar olub, həyat tərzinə,
Hara aparırsan, bizi sən Dünya?

Güman yox “bakanlar” islah oluna,
Asayiş, güzəran düşə yoluna.
Məvacib heç çatmır işıq puluna,
Hara aparırsan, bizi sən Dünya?

Səndən narazıdır ahıl, gənc, cavan,
Hər kəsi etmisən yalavac, yavan.
Dur, dinlə, qulaq as- söyləyir Dövran:-
Hara aparırsan, bizi sən Dünya?…

OY- OY
/”Vətənimdir” – silsiləsindən/

Nə qədər çətinmiş tək- tənha qalmaq,
Yalqız buraxılmaq, tam unudulmaq.
Baharı ötməmiş saralıb, solmaq,
Yolları bağlanmış, yurdlarım oy- oy!

Illərlə söylədik hey Allah Kərim,
Qaldı əsirlikdə neçə yurd yerim.
Qoy torpaq yarılsın mən yerə girim,
Sinəsi dağlanmış, yurdlarım oy- oy!

Kül olub, sovrulub fələk yelindən,
Sakini gen düşüb doğma elindən.
Yanıqlı şikəstə düşmür dilindən,
Kürəyi oxlanmış, yurdlarım oy- oy!

Odlanıb kol- kosu, buta, yarpağı,
Pozulub busatı, nazlı növrağı.
Torbaynan daşınır daşı, torpağı,
Sərvəti saxlanmış, yurdlarım oy- oy!

Çox ana övladsız, qaçqın, didərgin,
Unutmuş damının- daşının rəngin.
Dörd gözlə gözləyir, al zəfər cəngin,
Taxt- tacı laxlamış, yurdlarım oy- oy!

Dövran çox inciyib dövrü- zamandan,
Yağı sitəmindən, tökülən qandan.
Minlərcə şəhidi yolunda qurban,
Qapısı mıxlanmış, yurdlarım oy- oy!