
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QAZAX Bürosunun Rəhbəri
Saat iyirmi bir, otuz altı..
köhnə bir binanın
nəm çəkmiş bodrum qatı..
Siçanların böcəkləri yediyi,
Tanrının hər şeyi bildiyi andır..
Ümidlərim yarı diri
üzünü ovuclarıma aldım.
Eşq dediyimiz həmin andaydı əslində..
Taleyimi qarışdıran,
mələkləri göy üzündən
tək-tək çəkib yığışdıran
əllərinə baxdım, damarları görünür…
Bütün sirrin gözlərindəydi –
kitabın ilk fəslində..
Kim oxuya bilmədisə
günah ondaydı əslində..
Saat iyirmi bir , otuz altı..
köhnə bir binanın
nəm çəkmiş bodrum qatı,
Həyat qadınlarının görüşdüyü,
uşaqların gülüşdüyü,
Doğruları səhv çıxardığı,
dünyaya əfv çıxardığı,
Əqrəblərin ona, ümidlərimin də ona
İşlədiyi yerdir bura..
Dərdlərimi yazıram
oxuyub bəyənsinlər,
“ Nə gözəl yazır e,
yazır bəxtəvər” desinlər..
Saat iyirmi bir, otuz altıdır..
Və bu an göz yaşlarıma şahid
sadəcə və sadəcə
köhnə bir binanın
nəm çəkmiş bodrum qatıdır..