e

Faciədən sonrakı görüntülər

Ağappaq qar tutub qara torpağı,
Sanki göylər yerə kəfən biçmişdi.
Tikanlar basmışdı güllü bir bağı,
Burda canlı nə var,candan keçmişdi.

Qar üstə qaralan qara kölgələr,
İnsan cəsədiydi,insan,ay insan!
Bəlkə də bir zaman elə gün gələr,
Bu acı dəhşəti nağıl sanarsan.

Yox bunu div adlı o qara qüvvə,
Nə də xortdan,kaftar törətməmişdi.
Mən onu sələyim,de,necə sülhə?
O ki sülhə o gün bitdi demişdi.

Burda sındırılmış vicdan aynası,
Burda dağıdılmış insanlıq yolu.
Doluydu qar üstə insan parçası,
Bunu eyləyərmi,Allahın qulu?

Körpələr keçmişdi o gün ölümdən,
Axan al qanları qar üstə donmuş.
İnsanın qanına o gün göz dikən,
Təbiət bu qandan buz heykəl yonmuş.

Çingiz Mustafayev çəkirdi bir-bir,
Ağlaya-ağlaya gözün silirdi.
Nə qədər ölmüşdü insan,kim bilir,
Gözündə o qədər yaş can verirdi.

Birdən ay əclaflar deyib ağladı,
Necə qıymısınız axı bunlara?
O gün Xocalıda Gün buz bağladı,
Zaman donub qaldı bu olanlara.

Kamera işində çəkir hələ də,
Lent də utanırdı, hər fırlananda.
Ananın kəsilmiş o döşlərinə,
Tarix nə ad verər təkrarlananda?

Faciə,ya dəhşət, yox, belə olmur,
Buna ad verməyə düşüncəm laldır.
Heç nə bu dünyada əbədi qalmır,
Qalan qisasımız hələ sualdır.

Çingiz qaranəfəs çəkir hər nə var,
Bu nədir, İlah,i yaranana bax.
Dörd kitab göndərdin, yenə insanlar,
Xəyanət edirlər, yaradana,bax.

Çingiz hər kadrda gedib gəlirdi,
Bu nahaq dünyadan, o haqq dünyaya.
Saymaqla bax bu gün çətin gələrdi,
Qar üstə qaralan cəsədlər saya.

Baxın yaxşı baxın bu bir bölümə,
Bir Ana bədəndə bəlkə,yüz yara.
Körpə döş əmərkən gedib ölümə,
Çünki o qan əmir o qan qapqara.

Donubdur Ananın cansız vücudu,
Körpə də ağzında döş don vurubdur.
Bir başqa meyid də yanında,budu,
Əl-ayaq kəsilib,göz oyulubdur.

Bir addım uzaqda yazıq qocaya,
Necə zülm ediblər, öldürüləndə?
Kişilik eyləyə,kaş kişi ola,
Düşmən də düşmənə zülm eyləyəndə.

Qocanın başını kəsmiş əclaflar,
Hər gözə bir güllə tuşlamışdılar.
Qarnını yırtanda balıqtək onlar,
Hisslərin nə qədər duzlamışdılar?

Cəsədi vəhşicə zorlanmış sona,
Yummuşdu gözünü bu ağ həyata.
Sanki üzüm qara deyirdi, Ana,
İsmətim tapdandı,bağışla,Ata!

Çingiz seyr edirdi bütün bunları,
Qanı qaynayırdı, damarlarında.
Sanki bir anlığa ömrün yolları,
Azdı, müharibə dumanlarında.

Bircə tək bu sözü dedi:” əclaflar”!
Bu da yetərlidir, düşmənə ancaq.
Canavar balası canavar olar,
Tülküdən törəyən tülkü olacaq.

Ey tülkü xislətli, dovşan düşmənim,
Tarix bilirsənmi, səhifələnir?
Vaxtın ələyindən buna ol əmin,
Namərd bir ələnir,mərd bir ələnir.

Canavar yavrusu,o bozqurd oğlu,
Daşıdı çiynində ağır bir yükü.
Düşmən cavab versin,soruşum bunu,
Tarixdə kim yenib döyüşdə türkü?

Çingiz Mustafayev həqiqətləri,
Siztək pərdələyən düşməni yıxdı.
Ölümə gedərkən qorxmadı,bəli,
Neçə ağır ölüm Çingizdən qorxdu.

Özü getdisə də, izi yaşadı,
Yaşatdı bil, onu yaşatdıqları.
Adı Vətən ilə bu gün qoşadı,
Onunla ağarır, Vətən yolları.

Düşmənim,anla ki,bu şanlı yurdda,
Zamanla Çingizlər çox doğulacaq.
Varlığın suala dönəcək,onda,
Çingizlər,Əliflər tarix olacaq.