Gənc yazar Elvin ƏLİZADƏ (Sumqayıt şəhəri).Yeni şeirlər

Azərbaycan Yazıçılar Birliyinn üzvü,
Sumqayıt Regional Mədə­niyyət İdarəsi nəzdindəki Poeziya Evininin əməkdaşı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt şəhəri üzrə xüsusi müxbiri.

2018-ci il noyabr ayının 22-si Sumqayıta şəhər statusu verilməsinin 69-cu ildönümüdür. Bu münasibətlə sumqayıtlıları və həyatını sumqayıtla bağlamış hər kəsi təbrik edirik və Elvin Əlizadənin Sumqayıta həsr etdiyi şeiri oxucularımızın sərəncamına veririk!

Hamının hər səfərdən geri döndüyü yer var..
Bizi də varlığıyla tamamlayan şəhər var.
Günəşini Xəzərdən salamlayan şəhər var.
Dərdini başqa yerdə ovuda bilmir adam,
Burda öz sevdiyini unuda bilmir adam.
Küçələri upuzun, ayrılıqları qısa,
Qarşılaşır hardasa…

Abadlaşır günbəgün, gözəlləşir ilbəil,
Bu gün dünənki deyil, sabah bu günkü deyil.
Kiçik məhəllələrdən böyük şəhərə dönüb.
Fəhlələrin şəhəri “Möcüzələr”ə dönüb.
Dəqiq xatırlamıram mən o həmin illəri,
Uşaqlığımdan bəri

Bir ağ göyərçin qonub dənizin sahilinə.
Hamı tamaşa edir bu ağ donlu gəlinə
Onu hər an qoruyan, arxasında dayanan
Xəzər adlı qardaşın başının tacıdır o.
Bir ovuc dənin deyil, sülhün, saf məhəbbətin,
Dostluğun acıdır o.

Onu ucaldanların ağarmış saçıdır o.
Bu möhtəşəm şəhərin sülh olsa da nişanı
Böyüdü yavaş-yavaş Şəhidlər Xiyabanı.
Böyüdü böyüməmiş, gör necə də böyüdü.
Özü də Göyərçinlə bir həyətdə böyüdü,
bir küçədə böyüdü.

Burda çox şəhidlərin son mənzili qazıldı,
Şanlı şəhərimizə şanlı tarix yazıldı.
Üstündən əskilmədi böyüklərin nəzəri,
Doğrultdu öz adını:
“İstedadlı gənc qızlar, gənc oğlanlar şəhəri”-
Qəhrəmanlar şəhəri.
O vaxtkı fəhlələrin yenə qoruyur səni,
Həmin əllərdəsən sən.
Səni quran kişilər nigaran olmasınlar,
Əmin əllərdəsən sən !!!

AZƏRBAYCAN BAYRAĞI

Dostların qürur yeri, düşmənlərin göz dağı,
Dalğalan göy üzündə, Azərbaycan bayrağı!

Sənə təzim etməkçün düzənliklər dağ olub.
Şəhid qanına batan bu parça bayraq olub!
Sən ən gözəl şeirsən, ən alovlu misrasan
Parça dediyim nədir?
Canımızdan parçasan!

Dağımızdan ucasan, zirvəmizdən ucasan!
Əyilməyən, dik qalan başımızdan ucasan!
Başım üstə yerin var, gözüm üstə yerin var!
Namusunu qoruyan neçə igid, ərin var!

Səni Lələtəpədə görən nə fikirləşir?!
Bir Bayrağın altında əbədiyyət birləşir!
Neçə adət-ənənə, mədəniyyət birləşir!
Güneydən quzeyəcən istiqamət birləşir!

Dalğalandığın hər yer Azərbaycan sayılır.
Göy rəngin Göytürklərdən
bizə nişan sayılır!
Səndə Demokratiya, Cümhuriyyət birləşir.
Sənin yaşıl rəngindən Azan səsi yayılır.

Ay-ulduzlu gecədən doğan bir səhərin var!
Gəlişini gözləyən Şuşan, Kəlbəcərin var!
Sən o Müqəddəs Günə
əmanət qoruyursan,
Tezliklə Qarabağda Mübarək zəfərin var!

ANA

Qismət addım-addım izləyir bizi,
Ümid gələcəyə səsləyir bizi,
Darıxma, xoş günlər gözləyir bizi,
Nə dərin xəyala dalmısan, Ana?!

Getdi gəncliyimlə gənclik illərin.
Nə yaman qırışıb zərif əllərin?
Mən sənin saçının qara tellərin
Sən mənim qadamı almısan, Ana!

Bunu anladım ki, çətin zamanda
Təmənnasız sevgi varmış cahanda.
Bizim başımızdan bir tük qopanda
Ağlayıb saçını yolmusan, Ana!

Şirin sözlərinə möcüzə qatıb,
Bəzən başımızı bir sözə qatıb.
O qədər gecəni gündüzə qatıb,
Mənə həzin layla çalmısan, Ana!

Dünyaya hər övlad gətirən qadın,
Daşıya bilməyib saf ana adın.
Kişi tək yaşayır sənin övladın,
Çünki əsl Ana olmusan Ana!

ATA

Ay ata, mən sənə bir ömür boyu,
Çiynimdə də gəzsən, yenə borcluyam.
Mən sənin sayəndə mən olmuşamsa,
Qazandıqlarımı sənə borcluyam!

Bilsəm, incitməzdim bu qədər səni
İnsanın sonraki ağlı deyiblər.
Səni mənə görə tanımayıblar,
Mənə Sən kişinin oğlu deyiblər!

Atamın əlləri qabardır deyə,
Bizim süfrədədir ən halal çörək!
Ataya itaət etməyən övlad,
Allaha ibadət etməsin gərək!

Övladın başında sığal gəzdirən,
Çoxdakı qabarıq, kobud əllərdir.
Dünyanın ən gözəl sözləri amma,
Atalar sözləri və məsəllərdir.

Oğul var, ataya ancaq qəm verib.
Övladın ən böyük xətasıdır o.
Gərək elə olum, səni göstərib
Desinlər Elvinin atasıdır O !

BAŞINA DÖNÜM

Sən gedəndən bəri dərd üst-üstədir.
“Gözlər yolda qalıb, qulaq səsdədir.”
Deyirsən sevgimiz son nəfəsdədir,
Ölməsin, mən ölüm, başına dönüm.

Gedirdin, and-aman elədim- Getmə!
Dedim sənsizliyə məni öyrətmə!
Adama nə qədər deyərlər etmə-
Eləmə sevgilim, başına dönüm!

De mənə müqəddəs “sevirəm” sözün.
Qibləm ol, kor qoyum şeytanın gözün.
Tök qara zülfünü örtülsün üzün,
Səni Kəbə bilim, başına dönüm.

Ya da yer üzünün olma qibləsi,
Qalxaq göy üzünə, ataq hər kəsi.
Qalxaq, sən Günəş ol, mən Yer kürəsi
Ötdükcə hər ilim başına dönüm.

Hicran yanğısıyla hər gecə öldüm.
Ölüb qurtarmadım, öldüm, dirildim.
Bəlkə sevgimizi qurtara bildim,
Hardasan de gəlim, başına dönüm!

YAXŞI-PIS

Səbəb nədir dərk etdikcə həyatı,
Fanilikdən söz açırıq dünyada.
Sən məsləhət bilmisən ki, İlahi,
İstəmədən göz açırıq dünyada.

Bəlkə, bilir bu dünyanın nəsi var,
Çıxır gedir o dünyaya gələn kəs.
O dünyanın yaxşısı var, pisi var,
Sən demisən, gedənlərdən gəlmir səs.
Mən yaxşı-pis bilən olsam əzəldən
Gələrdimmi nahaq olan dünyaya?
Mən yaxşı-pis bilən olsam gəlməzdim
Xeyirlə şər qonaq olan dünyaya.

İstəyimlə deyil, gedə bilmirəm!
Qaldıqca da tükənirəm, Allahım!
Mən yaxşı-pis ayırd edə bilmirəm,
Mən tək sənə güvənirəm, Allahım!

Hidayətdən məhrum etsən məni sən,
Kafirlərin ən kafiri olaram.
Nemət versən, düz yönəltsən məni sən,
Müti bəndən, yaxşı biri olaram!

Mən naşükür qul deyiləm, Ya Rəbbim!
Sən verdikcə söyləyəm ki, yenə ver.
Mən yaxşı-pis ayırd edə bilmirəm,
O dünyadan Yaxşısını mənə ver!!!

BAKIYA QAR YAĞIR…

Qarlı qış günüydü, önümə çıxdın,
Duruxdum gözümə sataşanda sən.
Hələ də qəlbimdə yeri görünür,
Gedəndə nə izlər qoyub getmisən…

Gör neçə il keçib, yenə də qışdır…
Bilirdim yağacaq qar əvvəl-axır.
Bütün pisliklərin, xəyanətlərin
Üstünü örtəcək əcəb qar yağır.

Qarı küçələrdən qovan küləklər
Elə bil keçmişə qaytarır məni.
Yenə də həmin qış, yenə həmin qar,
Yenə də gözlərim axtarır səni.

Səni xatırladır küçədən keçən
Mənə yad simalar, yad olan üzlər.
Yenə inistitut pəncərəsindən
Küçəyə boylanır yuxulu gözlər..

Elə soyuqlaşıb alovlu hisslər,
Buz olub bərkiyib, ərimir nəsə.
Sanki yoxluğunla zaman da donub
Donan əqrəblər də yerimir nəsə.

Bu sənsiz küçədə sənli xəyallar
Sənli günlərimin əmanətidir.
Bakıya qar yağır… heyif ki, o da
Gəlib-getməyintək müvəqqətidir!