Polad Sabirli

Oynadıqca hər çalınan havaya,
Bilmədin ki, yaxşı nədi, pis nədi?..
Heç baxmadın dağıtdığın yuvaya,
Anlamadın yağış nədi, sis nədi?..

Məhv olmusan zəmanənin dəbində,
Yem gəzirsən hər qazanın dibində.
Nə görmüsən onun-bunun cibində?-
Üz-gözündə qara nədi?, his nədi?…

Duymadıqca nə həyacan, nə halət,-
Boğdu səni dumanında cəhalət.
Kələyindən çəkmədinsə xəcalət,-
Nə biləsən əzab nədi, xıs nədi?…

Bu halına kim ağlaya, kim söyə, –
Həvəs verər kim avama, kim səyə.
Pıçıltını anlamayan kimsəyə, –
Haray nədi? aman nədi? səs nədi?..

09.10.2019.