Polad Sabirli

Ürəyimdən keçənləri,
Dilimdə deyə bilmədim.
Dost yolunda yaxa cırdım,-
Bilmədi niyə, bilmədim.

İçimdə bir kövrəklik var,
Yaman ürəksiz olmuşam.
Bilmirəm kimə gərəkli, –
Kimə gərəksiz olmuşam.

Özümü toxdaq tutmaqçün,
Nəfəsim çatarmı görən?
Göylərə hayım, harayım,
Ya səsim çatarmı görən?

Deyəsən qan iyi gəlir,-
Başım gör nəyə qarışıb?!
Kimin mənlə nə işi var?! –
Belə hər nəyə qarışıb.

Öz kölgəmdən qorxmamaqçün,
Sirrimi özümə dedim.
Hələ yaxşı-yamanımı,-
Dayanıb üzümə dedim.

Zülmətdən qara gözlərim,
İşıq saçır qaranlığa.
Tutub dərdimin əlindən,-
Aparacam aydınlığa.

13.10 2019.