Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Naşı rəssam nöyüt töküb büstümə,
Qol açıram şahə qalxan tüstümə.
Qurban olum, belə gəlmə üstümə,
Mənim içim qəm-qüssəylə dolub day.

Duaların Haqdan ürkmüş ağımı?!
Güman boğur sinə deşən dağımı,
Xatırlatma sən əvvəlki çağımı,
Keçən keçib, eh, olan da olub day…

Anam məni çox qoymadı bələyə,
Günahımı tək-tək atdım ələyə…
Həyat sıxdı, tez allandım mələyə,
Bir də gördüm, tale məni yolub day.

Sənin üçün ocaq – Tanrı, pir – Allah,
Mən qan salım, aramıza gir, Allah.
Gözlərimdə bir eşq vardı, bir Allah…
Əl uzatma, xatirələr solub day…