Hikmət MƏLİKZADƏ.”İçimdəki şeytanla nərd atırıq arada”

Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

İçimdəki şeytanla nərd atırıq arada,
Sanıram o, sevincin, qəmin bilir bu işin.
Zəri elə cütləyir, mat qalırsan doğrusu,
Zalım oğlu elə bil çəmin bilir bu işin.

Şeytandı da, onun da öz Allahı, piri var,
Nə vaxt qonağı olsan, şər alasan əlinə…
Qarşısına keçəni mars eləyir dalbadal,
Üzün gəlmir bir daha zər alasan əlinə.

Mən «Allah» deyib girdim onun ilə oyuna
O, məni mat elədi hər oyunda on kərə.
Bundan sonra yəqin ki, ayrı düşən zərləri
Əzrayılla oyunda cütləyərəm son kərə.

«Pənc-yek»-«du-bir» sevdası heç çıxmır ki, başımdan,
Cüt «sə»lərlə elə bil cadu verdi zər mənə…
Çoxu atmaq istədi taleyi «şeşqoşa»tək…
Mən də atdım, ya «cahar», ya «du» verdi zər mənə.

Zərin işığı qalıb barmağımın ucunda,
Tanrı məni tanıyır ya çöl kimi, ya damtək.
İndi sakit durmuşam günahımın önündə,
«Şeş» umanda, bəxtinə cüt «beş» düşən adamtək.

Nərd də bir şans işidi, bəxtim yoxdu, neyləyim,
Bu həyatın zərini tərs götürüm arada?
Düz adamdan nədənsə, xoşu gəlmir Allahın,
Gərək mən də şeytandan dərs götürüm arada.