em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Ömür keçdi, gün dolandı əzizim,
O yurd, yuva ahlar çəkib, ağlayır,
Yavaş-yavaş itir cığırım, izim,
O bulaqlar qan, yaş töküb, ağlayır

Nağıl imiş sanki o yurd, o yuva,
Çox uzandı Qarabağda bu dava,
İlər ötür, açılmayır bu hava,
Ağ buludlar yerə çöküb, ağlayır.

O çinarlar həsrət qalıb görüşə,
Şeh düşübdü o yamaca, o döşə,
Biz gedəli Diridağda bənövşə,
Kol dibində boynun büküb, ağlayır.

Şaxta vurub solub bağlar, bağçalar,
Xarı bülbül nalə çəkib hey ağlar,
Nə zamandı o zirvələr, o dağlar,
Xan Araza gözün dikib, ağlayır,

At oynadır, o dağlarda hər yetən,
Əziz Musa, parçalanıb bu Vətən,
Ümidini, inamını itirən,
Qoca nənəm kəfən tikib, ağlayır.