Xəyalə SEVİL.Yeni şeirlər

“Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

Bu başqa cür uzaqlıqdı

Onda
Ürəyim çərpələng idi,
Hər səni görəndə uçurdu havada.
İndi
Gözlərim yaş yuvası,
Yaş da qalmır yuvada.

Bu başqa cür uzaqlıqdı.
Anlaya bilirsənmi?
Mən əzbər bilirəm darıxdığını,
Sən özünü uşaq kimi
Danlaya bilirsənmi?

Ürəyim sevən qızcığaz,
Ağlım dəlisov qardaşı.
Bu da təsəlli özümə-
Unudaram uzaq başı.

Yoxsan

Biri vardı, biri yoxdu,
Var olan da yoxa çıxdı.
Dönüb ürəyimə baxdım,
Gördüm yoxsan.

Daha məni şamla ara
Ki, qaranlığın ağara.
Hörüklərimi ağ, qara
Hördüm, yoxsan.

İki yola ayrılırıq,
Sağa, sola ayrılırıq.
Ömrümüz axar çay idi,
Ayrı qola ayrılırıq,
Dərdim, yoxsan.