Təpiklər tapdağında əzildi, əzdi dünya,
Xilası, xilaskarı axtardı, gəzdi dünya.
Ədavətdən yoruldu, nifrətdən bezdi dünya,
Sevgi yağışlarına tutacağam dünyanı.

Neçə ki kin-küdurət bir-birinə calaqdı,
İnsan hey çarmıxdadı, həmişə daşqalaqdı.
Anamızı ağladan böhtandı, badalaqdı,
Sevgi yağışlarına tutacağam dünyanı.

Sevib cavanlıq etmək, sevib qocalmaq gərək,
Saf duyğular içində xəyala dalmaq gərək.
Sevgini xəyanətin əlindən almaq gərək,
Sevgi yağışlarına tutacağam dünyanı.

Rəqib savaşlarında qırğın görüb, qan görüb,
Gül canlar, gül sevgilər nə qədər tikan görüb.
Mən bütün insanları şirin, mehriban görüb,
Sevgi yağışlarına tutacağam dünyanı.

Nəyinə vurulmuşam mən, dünyanın nəyinə,
Nuruna, işığına, gözəlinə, bəyinə.
Sığınıb Yaradan, Allahın köməyinə,
Sevgi yağışlarına tutacağam dünyanı.

Sarı-sarı səhralar yaşıl tül bitirəcək,
Qara-qara qayalar qızılgül bitirəcək.
Hər sevilən, hər sevən bir könül bitirəcək,
Sevgi yağışlarına tutacağam dünyanı.

Can səpdim, can əritdim, yenə can bitirəcək,
Sağlam toxumlar düşüb din-iman bitirəcək.
Eşqi, məhəbbətiylə Zəlimxan bitirəcək,
Sevgi yağışlarına tutacağam dünyanı.