Bir gündə min dəfə şükür deyirəm,
İlahi, min şükür yaratdığına!
Göylərin payıdı enib torpağa,
İlahi, min şükür yaratdığına!

Pətəyi çəməndən, balı çiçəkdən,
Sevgisi beşikdən, eşqi bələkdən,
Payı gözəllikdən, nuru mələkdən,
İlahi, min şükür yaratdığına!

Baxışı ulduzdan, işığı Aydan,
Axarı çeşmədən, ləngəri çaydan.
Günəşi bahardan, alovu yaydan,
İlahi, min şükür yaratdığına!

Arayan narahat, aranan gözəl,
Darayan bəxtəvər, daranan gözəl.
Yaradan müqəddəs, yaranan gözəl,
İlahi, min şükür yaratdığına!

Gözüm gözəlliyin həsrəti, acı,
Gözəllər başımın cığası, tacı.
Sən Allah, o bəndə, mən tamaşaçı,
İlahi, min şükür yaratdığına!