Bir namərdin gülləsi
Ürəyimdən yan keçib,
Bədənimdə qalıbdır.
Odu məni alıbdır
Güllə zəhərdir, zəhər…
Qoy qanıma işləsin,
Qoy canıma işləsin,
Bir südümə dəyməsin,
Bala böyüdürəm mən.
Həyat eşqi gözümdə,
Qan ləkəsi izimdə.
Düşmənimi bəsləyib
Gəzdirirəm özümdə.
Mənim yüküm daş deyil,
Mənzilinə yetirim
Mənim yüküm duz deyil,
Su dəyəndə itirim.
Bir göz giləsi boyda
Bədəndəki qurğuşun
Dağdan ağır yük imiş.
Yükü güllə olanın
Dərdi nə böyük imiş!
Qoy yansın naşı ovçu
Tüfənginin ağzından
Gülləsini almışam,
Ölməmişəm, qalmışam…