Çalalar, çuxurlar hamarlanıbdır
Quşlar bir dən üçün qubarlanıbdır
Qanadı altına salıb başını,
Sərçələr ötürür qarlı qışını.
Baxıram bu ağac nararmududur
İndi nararmudu qar armududur.
Bəs bu ağacdələn kimi oyadır,
Təbiət yatır.
Deyəsən bu yellər uzaqdan gəlir,
Bir gözəl dan üzü bulaqdan gəlir,
Köksünə sığmayır ürək sevinci,
Düşür saçlarına qar inci-inci.
Elə bil başına örtüb ağ cuna,
Bir topa qar sıxıb qoyur ovcuna
Sonra da əlində atıb oynadır,
Təbiət yatır.
Böyürtkən kolları sən görən deyil,
Şimal ayısıdır durub elə bil.
Tikanlar yırtanda ağ yorğanını,
Yenidən qar nənə gözləyir onu.
Dovşanlar kol-kosda ötürür qışı,
Dələnin otağı ağac koğuşu
Ayı mağarası yoxsul bir çadır…
Təbiət yatır.
Hələ ağaclara balta çalan var,
Bilir ki, izini gizlədəcək qar.
O, çıxıb evinə arxayın dönər,
Ağacın qar altda yarası göynər.
Bura meşəbəyi nə zaman gələr,
Bir də kötüklərə ilişsə bilər
Namərdlər meşəni hey vurub-çatır…
Təbiət yatır.
Görəsən ürəyim kimi soraqlar…
Əyilib yollara qarlı budaqlar.
Keçir yollarımız bir ağ tuneldən,
Sökülür bu tunel adicə yeldən.
Qardan papaq qoyur papaqlarımız,
Üşüyür maşında ayaqlarımız;
Adamlar mənzilə tələsir, çatır,
Təbiət yatır.