Xalq şairi Vahid ƏZİZ.”Payız şabaş yağdırır…”

Bulud üç bir, iki bir,
yavaş-yavaş yağdırır,
yollar boyu toy gedir –
payız şabaş yağdırır.

Daşınmaqda ot-ələf,
qoymarıq olsun tələf,
su içində bu tərəf,
ya da o baş, yağdırır.

Sevilirik, sevirik,
ağrısını bilirik,
göz yaşların ya kirpik,
ya da ki, qaş yağdırır.

Qaldı yola salanlar,
getdi yadda qalanlar,
dəliqanlı olanlar
başına daş yağdırır.

Yol gedir qışa doğru,
kotana, xışa doğru,
göylər – yeli qupqupu
yağmuru yaş yağdırır.

Bir eşq sinənin altda
od-alov çataçatda,
qız-gəlin zarafatda –
təndir lavaş yandırır…

04.XII.2017