Xalq şairi Vahid ƏZİZ.”İnciyib qızların göyçəyi mənnən…”

Mən bu ağrıları çoxmu çəkərəm?
İnciyib qızların göyçəyi mənnən,
özüm becərərəm, özüm əkərəm,
güllər barışdırsa çiçəyi mənnən.

Düşüb, ayağına yenəmi gedim,
hansı ağbirçəyi minnətçi güdüm?
Deyəndə: “Nə alıb hədiyyə edim?”
“Can” – dedi, ummadı heç nəyi mənnən.

Ömrümü əlimnən alsa da – mənim,
qopub ləçək-ləçək solsa da – mənim,
illərlə yanımda olsa da mənim,
öyrənmir günahdan keçməyi mənnən…

13.XI.2017