Körpə idim – yerim isti, özüm tox,
nə istəsəm yetişərdi havayı.
Öyünməyə daha gözəl günüm yox,
el-obamda o çağlardan savayı.

Xəyalımda ömrün hər bir yaşında,
gözlədiyim soyuq elçi daşında,
nə diləyim beşiyimin başında
nəğmə deyən dodaqlardan savayı.

Bütöv canın parçasıdır hər qitə,
ölən üçün zaman sönər, yer bitər!
Yer tapılmaz mənə doğma heç vədə
böyüdüyüm qucaqlardan savayı.

Vüsal qırar hicran salan duyünü,
qəlb oynadar dost arzusu, yar ünü,
nə alar ki, pərvanənin könlünü
həzin yanan çıraqlardan savayı?

Yeriməknən yaxın olar uzaqlar,
təlatümlər şahididir bu dağlar,
yer ölçməklə nə qazanıb ayaqlar
itirdiyi çarıqlardan savayı?

Mərd olanı zindan belə sındırmır,
zirvələrdə qarlar belə dondurmur,
bu dünyada heç nə məni yandırmır
odu sönmüş ocaqlardan savayı…

03.XII.2017