Mən bu ağrıları çoxmu çəkərəm?
İnciyib qızların göyçəyi mənnən,
özüm becərərəm, özüm əkərəm,
güllər barışdırsa çiçəyi mənnən.

Düşüb, ayağına yenəmi gedim,
hansı ağbirçəyi minnətçi güdüm?
Deyəndə: “Nə alıb hədiyyə edim?”
“Can” – dedi, ummadı heç nəyi mənnən.

Ömrümü əlimnən alsa da – mənim,
qopub ləçək-ləçək solsa da – mənim,
illərlə yanımda olsa da mənim,
öyrənmir günahdan keçməyi mənnən…

13.XI.2017