Rafiq ODAY.”Yağış yağır”

Yağış yağır…
Yuyur asfalt üzlərin
hisini, pasını.
Yuyur gecənin qara çuxasını,
Gündüzün öləzimiş lampasını.

Yağış yağır…
Səltənət sahibinin
ismarıcını
çatdırır bəndələrə:
“Az göndərsəm bərəkətdi,
çox göndərsəm bəla”.
Sən hələ uyu, gavurun oğlu,
dərini təslim etmə
qana susamış rəndələrə.

Sən hələ uyu, gavurun oğlu,
çolaq filin
çirk bağlamış qulağında.
Nə Tanrının mərhəmətindən,
nə də göndərdiyi bəladan
xəbərin olsun.
Heç hər yedən əlləri üzülən,
özlərini Allah sayan
allahsız bəndələrin əməllərindən
tapdalanan, əzilən
məzlumların
göyüzünə bülənd olan
yalvarışlarını da eşitmə.
Eşitmə darağaclarının cırıltısını,
Kəsilən nəfəslərin xırıltısını,
Tərsinə axan suların şırıltısını,
Arxalı köpəklərin mırıltısını,
Eşitmə, gavurun oğlu.

Yağış yağır…
Sən, ən yaxşısı,
Girdiyin deşikdən,
şəlpə adlı ev-eşikdən
başını çölə çıxarma,
gavurun oğlu..
Çıxarsan,
Birdən yağış gözlərinin
çirkini-pasını yuyar,
Gözlərin görməyə başlar, qulağın eşidər,
Sonra da ağlın kəsər, qəlbin duyar…
Onda sənin də faciən başlar,
gavurun oğlu.
Sən görməyi, eşitməyi, duymağı –
bu qədərmi asan sayırsan,
gavurun oğlu.

Yağış yağır…

21.11.2019.