Yenə qucaqlaşdı xəyallarımız,
Xəyalən xoşbəxtik, xəyalən şadıq.
Sən ağac kötüyü, mən quru budaq,
Bəs niyə gerçəkdən qucaqlaşmadıq?

Hardasa yoxluğun əriyir belə,
Hardasa xəyalən kama çatırsan.
Kötük adamlara, daş adamlara
Mən yarpaq atıram, sən daş atırsan.

Payızdır, yollara düşür bu yarpaq,
Qışdan baharacan ağır səfər var.
Bir quru kötüklə kim qızınacaq?
Dünyada üşüyən neçə nəfər var.

Mən səma olsaydım, sən bəyaz bulud,
Heç vaxt olmasaydı ayrılıq, keşkə…
Ağrısı göyərir yarpaqlarımda
Kötük bədəninin yaşamaq eşqi.

Yenə qucaqlaşdı xəyallarımız,
Xəyalən xoşbəxtik, xəyalən şadıq.
Sən ağac kötüyü, mən quru budaq,
Bəs niyə gerçəkdən qucaqlaşmadıq?

Bir az ürək, bir az od,
Alışdır,
Vətən olsun.
Bir az torpaq, bir az su,
Qarışdır,
Vətən olsun.

Artar hər gün qayğılar,
İtər adlar, sayğılar.
Qoyma itsin, sorğula –
Soruşdur,
Vətən olsun.

Əvvəl başla özünlə…
Nəyin varsa düzümlə.
Dürüstlüyü dözümlə
Yarışdır,
Vətən olsun.

Vətən! Böyüklüyə bax!
Hər yer Vətəndir, Allah!
Qələmini sözə tax,
Calaşdır,
Vətən olsun.

Qəlbə ağalıq elə,
Ağıldan olmaz kölə.
Ürəyini eşq ilə
Çalışdır,
Vətən olsun.