Filologiya üzrə fəlsəfə doktoru,
AYB-nin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri

Oyan, Qoca Şərq, oyan!

Axı niyə susursan, lal olubsan de neyçün,
Hanı sənin haq sözün, haq səsin, ey müsəlman?!
Dur! -de, Çinin zülmünə, qul üçün, Allah üçün,
Qafil olma, yatdığın yuxudan artıq oyan.

Eşitməyə məcbur et, hər qulağı sağıri,
Min bir işgəncə ilə öldürürlər fağıri,
Qalx, canavar əlindən al qardaşın Uyğuru,
Qətliama aparır Çin ordusu, de: dayan!

Hay sal, dörd bir tərəfə, nə yorul, nə də usan,
Əzirlər yaşlı, uşaq, qadın, kişi qanmadan,
Özünə insan deyən, tükün tərpət, qımıldan,
Elə bağır bu zülmü, olsun dünyaya əyan.

Zalımlarda olmayıb, olmayacaq ədalət,
Cavabsız qala bilməz, yox, bu boyda zəlalət,
Bunun bircə adı var: cinayətdir, cinayət,
Yoxdur hayın eşidən, yoxdur harayın duyan.

Oyan, Qoca Şərq, oyan!

09.12.2019

ÜZÜMDƏ TAM QIRX YEDDİ QIŞ VAR

Üst başımdan tökülən bahar qırıntılarına baxma,
üzümdə tam qırx yeddi qış var…
Sıradakı da qapını döyür küləyin uğultusunda,
mən üzüqara arzularımı basırıram –
körpə qığıltısında…
Qurumuş yarpaqlarda həssas bir sevgi,
köksümdə nəfəs-nəfəsə bir sevda can verir..
Şah damarına toxunuram hər gün ölümün,
ruhumdan torpaq qoxusu keçirirəm.
Amma…
barışığam həyatla.
Ən dəqiq elm riyaziyyatdırsa,
onun da kökündə riya var…
ən dəqiq mənbə tarixdirsə, onu da baxış bucağı dəyişir..
bütün yalanların kökündə az da olsa doğru var
və bütün doğrularda yalan gizlənir…
İndi mən ögeylikləri silib atmışam
alın təri tək,
doğma laylalar oxunur dodaqlarımda,
Daha ağ göyərçinlər uçur
adıma yazılan tale budaqlarında…

* * *
Bu axşam bir niyyətə
iki rəng şam yandırdım.
Bir yalançı ümidə
Özümü inandırdım.
Qəlbimin tüstüsündə
boğuldu işıqları,
İncə-zərif şamların,
itdi yaraşıqları…
Məni unutman üçün
Allaha dua etdim.
O arzu, bu ümidlə
yarı yuxuya getdim..
gedib yenə də düşdüm
xəyalların izinə –
Quru təsəllilərlə,
Endim dərdin dizinə.
Gözlərim qan ağladı,
Al qanıma boyandım.
Təkbaşına uyudum.
Təkbaşına oyandım…
Sənsiz hər gün özümlə
üzbəsurət dayandım.
Sənə gizli olsam da
Yaradana əyandım…
Yox, yox, yalnış anlama,
məni mən tək sevməyə
əsla məcbur deyildin.
Mən sevdiyimə deyil,
öz sevgimə əyildim.
…Alınmırsa alınmır,
bəxtdə yoxsa, ha dilə.
Göy üzündə Ay batıb,
Yer üzündə Adilə.

Adilə Nəzər 06.12.2019