Şeir havasında

Mən
bir şeir havasında,
bircə şeir havasında
dolanıram hər yeri,
dolanıb gəlirəm
dünyasını bir dəqiqəyə gəzən
saniyəölçəntək.
Qoşulub
dağ ətəyində topa-topa bulud kölgəsinə
axıb gedir ürəyim,
yuyulur dünyanın kiri,
yaşananlar qar üstündə
ləpir kimi,
təzə doğulan
uşaq ruhuna dönür ruhum
uçuram,
uçunuram,
gəzirəm eşqli, həvəsli,
sevirəm,
sarır içimi gözəllik, lütf, kərəm,
sevgim,
sevgilim şeirdir,
vəfasız çıxsa, ölərəm.

Beləcə buraxıb

Dəli bir istək var canımda indi,
Baş alıb harasa getməyim gəlir.
Mən gec öyrəşənəm, çətin tərk edən,
Bəs nədir bu istək içimi dəlir?!

Beləcə buraxıb
bulanıqlığı
Hansı nisgilimi ovudub gedim?
Yerində boğulan diləklərimi
Necə yola verib, təsəlli edim?

Alıb ürəyimi, alıb başımı,
Bu yüklə özümə yer tapım harda?
Varmı elə bir yer, elə bir aləm
Məni çəkə bilsin, əriyim orda?!

***

Boş ver, canım,
ətraflı götür-qoy edib,
ətrafını qoruyanları,
başları ilə düşünən
baş qullarını
ürək ilə qınama,
insan xisləti bu.
Boz-boz ürəklər daşıyan,
boz diləklər ünvanı,
bu boz dünyada rəng arama.
Sən ürək adamısan,
elə ürəyinlə
qal,
qalan hər şey boş…

Nədir dünya

Yozub yozmaladıq, bəsdir,
nə ağrıdır, nə həvəsdir,
uzaq ündür, quru səsdir
dünya.

Çalxalanıb için didir,
bilmirsən heç dərdi nədir,
kim dedi ki, əbədidir
dünya?

Yaradılandan biriysə,
yaşamağa yurd yeriysə,
əgər sonu şübhəliysə,
nədir dünya,
nədir dünya?