Təhminə VƏLİYEVA.”Millətin faciəsinə ağlamayan gözlərin yerinə də sən ağla, qərənfil, ağla!”

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru.

valiyevatahmina@gmail.com

Bu gün qanlı 20 yanvar faciəsindən nə az, nə çox 29 il ötür. Məhz bu günlə bağlı olaraq, dövlət səviyyəsində qeyri-iş günü elan edilib, Şəhidlər Xiyabanında qırmızı, boynubükük qərənfillərdən bu faciənin təsvirində əsas simvol kimi istifadə olunub. Bu istifadə də əsassız deyil. Həmin dövrdə şadlıq rəmzi olan qərənfillər xalqın faciəsini, kədərini şadlıq-kədər kontekstində göstərmək üçün düzgün seçilmiş vasitə idi.

Sosial şəbəkələrdə #unutmarıq #unutdurmarıq #unutdurmayacağıq heşteqləri yaradılıb və bu faciəni çatdırmaq, unutdurmamaq məqsədinə xidmət edir. Bəs həqiqətən bu faciəni unutduq ya unutmadıq? Kimisi şəkillər, kimisi ənənəvi “faciə sözləri”, kimisi heşteqlər vasitəsilə bu faciəyə toxundu. Bəli, “faciə sözləri” ilə! Bu yazıların nə qədər ruhsuz, hissiz yazıldığı və şablon səciyyəsi daşıdığı o dəqiqə hiss olunur. Bu hala isə daha çox sosial şəbəkə səhifələrində rast gəldim, səhifələri xalq tərəfindən izləndiyi üçün çoxusu xatırlatmaya və yalandan “ümumxalq hüzn”ə şərik oldular. Xatırlayanlardan isə kimisi “qanlı yanvar” adlandırdı ağladı, kimisi “azadlıq mübarizəsi” adı verib qürurlandı. Paylaşanların, xatırlayanların, faciəyə ağlayanların sayı isə günü gündən azalmaqdadır, təəssüf ki!
Xalq arasında bu günü adi gün kimi yaşayanlar da, öz işində, fəaliyyətində olanlar da, “ümumxalq hüzn”ə qoşulmaq, “yas”a batmaq istəməyənlər də az deyil və getdikcə çoxalmaqdadır. #unutdurmarıq deyənlərin bir qismi isə bu faciəni vətən, xalq sevdalıların sayəsində təbliğat vasitəsilə xatırlayıb və özləri də bu təbliğata qoşulurlar. 20 yanvar 21 yanvara keçən kimi faciə unudulur, onlar da məişət həyatlarına qaldığı yerdən davam edirlər. Belə-belə unutmağa, unutdurmağa başlayırıq. Nəzərə alanda ki xatırlayanların, unutmayanların və unutdurmaq istəməyənlərin sayı getdikcə azalır, həqiqətən #unutdurmamaq böyük şücaət istəyir.
Elin, xalqın dərdini çəkmək, onu ürəyində illərlə daşımaq və faciəni törədənlərə qarşı nifrət hissini azaltmamaq, unutdurmamaq üçün çalışmaq asan məsələ deyil. Biz bir xalq, bir millət olaraq yavaş-yavaş unuduruq və unutdururuq! Qoy qərənfil xalqın faciəsinə ağlasın, yas tutsun, hüznə qərq olsun və qanlı göz yaşları ilə unutdurmasın o şənbə gecəsini, o qanlı tarix səhifəsini! Ağla, qərənfil, ağla!