AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru.

valiyevatahmina@gmail.com

Saat əqrəbi 9-u göstərirdi. Təyyarə dayanmış, sərnişinlər isə təyyarədən enməkdə idi. Yol boyu yalnız iki saat yata bilmiş Nicat özünü bir xeyli yorğun hiss edirdi. O, ləng addımlarla təyyarədən düşdü. Hal-hərəkətindən aydın hiss olunurdu – Bakı artıq oyanmışdı. Nicat taksiyə minib evə sarı üz tutdu. Oyanan və fəaliyyətdə olan, işə qaçan, dərsə gedənlərdən savayı, sözsüz ki, hələ yatanlar var idi. Elə bəlkə də, bu səbəbdən idi ki, radio aparıcısı “yeni oyanan dinləyicilərə “sabahınız xeyir!” deyir və hələ də yatanlara isə “artıq oyanmaq vaxtıdır” çağırışını edirdi. O, ardınca “necə deyərlər, erkən qalxanla, erkən evlənən uduzmaz” məsəlini və buna bənzər bir neçə misal da çəkdi. Radioda eşitdiyi sözlər onu bir qədər düşündürdü. Hələ də yatmaq? Görən bunların yatmaqdan başqa bir işi-gücü yoxdur? Yat-dur nə zamana qədər?!
Nicat yolu gələ-gələ dəyişən Bakını, insanlarını müşahidə edirdi. Altı il əvvəl qoyub-getdiyi Bakı ilə indiki arasında çox fərq vardı. Düşdüyü Heydər Əliyev adına hava limanından tutmuş keçdiyi küçələrə qədər – hər şey necə dəyişmiş, necə gözəlləşmişdi. İnsanları da həmçinin, xeyli dəyişmişdi. Müasir geyimli, gözəl görünüşlü qızlar, oğlanlar eynilə, Bakı kimi göz qamaşdırırdı. “Görən bunlar geyimlə bərabər düşüncələrini də dəyişdirdilərmi? Ya … ancaq zahiri dəyişib? Budur, işıqforda qırmızı işıq yanır. Dillər Universitetinin tələbələri yolu keçməyə başlayır. Nicat da onları izləyirdi. Rəfiqələr bir-birilə yarı-türk, yarı-rus, yarı Azərbaycan dilində danışır və arabir ingilis kəlmələri də işlədirdilər. Bu mənzərə Nicatda hiddət və təəssüf hissi doğurdu. “Heç nə dəyişməyib!” öz-özünə dedi. Taksi sürücüsü ilə hesablaşıb sağollaşdı.
Məhəlləyə çatan kimi ilk olaraq Eldarla qarşılaşır. Ayrı-ayrı binalarda yaşasalar da, uşaqlıqdan canıbir dost olmuşdular. Nicat Macarıstanda təhsil aldığı üçün bir-birini əvvəlki kimi tez-tez görə bilmirdilər. Elə bəlkə də, bu səbəbdən idi ki, bu həsrət onların arasında olan dostluq bağlarını daha da möhkəmləndirmişdi. Axı hər ayrılıq həsrət hissi doğurmur. Ayrılıq sevginin, dostluğun ölçüsü və hər münasibətin gələcəyinin müəyyənedicisidir. Elə ayrılıqlar var ki insanlar, münasibətlər arasında bir sədd çəkir və aradakı zərif telləri də qırır. Eləsi də var ki aradakı münasibət bağlarını daha da möhkəmləndirir. Nicatla Eldar arasındakı qardaşlıq, dostluq münasibətləri zamanla daha da güclənmiş və bu zaman müddətində bir-birindən ötrü yaman darıxmışdılar.
– Salam, salam, Nicat! Xoş gəlmisən, qardaş!
– Xoş günün olsun, Eldar. Necəsən?
– Yaxşılıq, sağ ol. Əsas sən necəsən?
– Nicat, daha getməyəcəksən ki? Bitirdin universiteti?
– Şükür, məndə də salamatlıqdır. Hə, vətən üçün çalışmağa gəldim.
– Hə, deyirəm axır gəlib çıxdın. Vallah üzünə həsrət qalmışdıq! Bakı necədir? Bəyəndin? Sən gedəndən bəri xeyli dəyişib ha.
– Elə mən də darıxmışdım sizlər üçün, vətən üçün! Düzdür, çox dəyişib, mən də elə bura taksi ilə gələ-gələ baxırdım Bakımıza. Özü də, camaatı da! Vətəni qəribsəməsəydim, heç buralara qayıtmazdım, inan. Dünya ölkələri, sözün həqiqi mənasında, hər cəhətdən inkişaf edir – elm, təhsil, mədəniyyət. İnsanlar nələr düşünür, nələr yaradır baxıb heyran qalırsan! Orada gördüklərimlə bizim şəhəri, insanlarımızı müqayisə etdim bir an. Görünür, ancaq zahirdən dəyişmişik. Eyni təfəkkür, eyni düşüncə! Əməl və düşüncədə Mirzə Cəlilin dövründən qalmayıq lap!
– Düzdür, qardaş, düz sözə nə deyəsən?!
– Yaxşı, Eldar. Mən də çıxım yuxarı.
Bu vaxt Eldarın qəfil yadına nə isə düşdüsə, birdən dilləndi:
– Ay Nicat, getmə, bir dayan! Qardaş, sən hələ-hələ ələ düşmürsən. Qulaq as, gör nə deyirəm.
– Buyur, görək!
– Sizin qonşuluğa bir qadın köçüb – əcnəbi geyimli qadın.
– Necə? Əcnəbi geyimli qadın?
– Hə, hə. Sən də təəccübləndin?
– Yox, burda təəccüblənəsi nə var ki? Az qala, şəhərin yarısı əcnəbilər kimi geyinir, onlar kimi də danışır. Düzü, mən ona təəccübləndim ki, qadına belə ad qoymuşsunuz.
– Əşi, biz nə edək?! O heç bizimkilərə oxşamır. Əcnəbilər kimi geyinir, danışanda da heç nə başa düşə bilmirsən, ya rus dilində danışır, ya da ingilis.
Nicat gülümsünür və:
– Bəlkə, həqiqətən də əcnəbidir?
– Yox, yox, özüm soruşmuşam. Adı Leyladır. Atası da, anası da azərbaycanlıdır. Yəni bizimkidir.
– Yaxşı, Eldar, tutalım o, əcnəbilər kimi geyinir, onlar kimi danışır. Burda böyüdüləcək nə var ki?! Olsun da… istəyir danışsın, ya istəyir danışmasın. Qurtar, sən allah! Boşboğazlığa salmısan lap.
– Dayan, eh mən hələ nə dedim ki?! Bu qadın bahalı ətirlər, geyimlər alır. Maşın sürür, evi də öz adınadır.
– İndi də qeybətə başlayırsan?
– Yox, daha nələr … nəyimə lazımdı qeybət. Mən olanı deyirəm, bunun nəyi qeybətdir?! Nicat, ən yaxşısı bir yerdə oturub danışaq. Belə ayaqüstü olmur, həm də yaxşı çıxmır.
– Yaxşı, onda gedək, elə Ədalət əminin çayxanasına. Onun da çayından ötrü yaman darıxmışam.
– Hə, elə ora məsləhətdir. Ədalət əmi işinin ustasıdır, başqa nə deyəsən?!
– Məsələ də ondadır elə – işinin ustası olmaq!
– Gedək daha! Bizimkilər səni görsələr, bir xeyli xoşəhval olacaqlar.
Nicat məmnunluqla gülümsündü. Bir qədər getdikdən sonra çayxanaya çatdılar. Eldar Nicatı çayxananın çölündə gözlədib ilk özü içəri daxil oldu.
– Salam, bəylər. Bu gün bizim bir qonağımız var. Bilirsiniz, kimi gətirmişəm?
Hamı bir ağızdan: – Kim?
Eldar:
– Bir fikirləşin də
Çay sifarişlərini götürən Ədalət əmi yerindən dilləndi:
– Eldar, başlama çərənliyə. Kimdir gələn?
– Çərənlik eləmək hara, mən hara? Adamı evindən qabaq bura gətirmişəm. Bu da bunların minnəti! Yaxşılıq yaramır vallah!
Nazim:
– Adə, deyinmə. Çağır görək.
Eldar çayxananın çölündə dayanmış Nicata səsləndi:
– Gəl, gəl. Camaat səni bir öz gözləri ilə də görsün.
Nicat içəri girir və: – Salamlar, xoş gördük! – deyir.
Nicatın gəlişi ilə səs-səsə qarışdı. Yerdən:
– Salam, Nicat, səni var olasan!
– Nə yaxşı gəlib çıxdın!
– Səni yetirənə şükür!
Getdikcə səs-səsə qarışır, kimin nə dediyini anlamaq olmurdu. Allahdan yetərincə boy payı almayan Səlim kişi ancaq zabitəli səsi və görünüşü ilə hər kəsə hökm etməyi bacarırdı. Bu dəfə də o işə qarışdı.
– Bəylər, bir susun görək! Oğlan onsuz da yorğun-arğındır. Siz də bir yandan başlamısınız səsi-səsə qatmağa.
Araya sükut çökdü və hamı yavaş-yavaş öz yerinə keçdi. Nicat bu çayxana mühitindən, ona ata kimi, qardaş kimi əziz olan bu səmimi insanlardan ötrü çox darıxmışdı. Altı il oxuduğu mühitdə mövcud olan münasibətlərə bir nəzər salsa, insanlar arasında olan bu qədər səmimiyyət, mehribanlıq da nadir tapılar. Düzdür, Avropada inkişaf var, mədəniyyət var, amma belə səmimiyyət həqiqətən az tapılır. Bu səmimilik, mehribanlıq ona bir anlıq köhnə dostlarını xatırlatdı. Hansı ki bir vaxtlar dost-qardaş deyib indi isə yoxa çıxanlar, yaxud eləsi də vardı ki, Nicatın onlardan daha məqsədli olduğunu, daha irəli getdiyini görüb ürəklərinə həsəd toxumu səpib, paxıllıq bəsləyiblər. Bu səbəbdən, onun haqqında cürbəcür yalanlar uydurub, hətta onu “savadsız” adlandıranlar da vardı. Bir də İtaliyadakı dostlarını yada saldı. Orada insanlar bir ideya, bir amal uğrunda birləşir və bir-birinə dəstək olurlar. Məqsədləri də inkişaf, tərəqqi! Enerjilərini də yüksək səviyyəli iş ortaya qoymaq uğruna xərcləyirdilər. Bu məqsəd onları bir yumruq kimi birləşdirir. Bizdə isə iki dostdan biri irəli gedəndə o biri də ya ona çatmağa çalışır, çata bilməyəndə isə badalaq vurur, onu nə yolla olursa-olsun yıxmaq, büdrətmək üçün heç bir fürsəti əldən vermirdilər. Nicat anlıq qapıldığı bu fikirlərdən Ədalət dayının səsi ilə ayıldı.
– Nicat, xoş gəlmisən! Nə yaman fikrə getdin! Buyur, gəl, bir çayımızı iç.
– Çox sağ ol, Ədalət əmi. Sənə də zəhmət olacaq, – deyib üzünü hamıya tutaraq: – Hamınızı xoş gördüm. Sizdən ötrü inanın ki, burnumun ucu göynəyirdi.
– Oğul, biz də səndən ötrü çox darıxdıq. Yaxşı ki gəlib çıxdın buralara.
Rafiq kişi:
– Nicat, bir xeyli susdun. Elə bildik daha bizim dili də unutmusan. Altı il zarafat deyil. Xoş gəlmisən! Qədəmin mübarək olsun!
Nicat:
– Yox, Rafiq əmi. Nə unutmaq?! İnsan da öz ana dilini unudar?! Ana dilini unutmaq anamın laylasını, nənəmin nağıllarını, babamın tapmacalarını unutmaq deməkdir. Bu, heç mümkündür ki?!
Rafiq kişi:
– Sən onu bir də qonşun “əcnəbi geyimli qadın”dan soruş.
– O qadın nə məsələdir belə. Eldar da məni yolda tutan kimi ondan danışır.
– Nə durmusan qonşundur da. Get, bir tanışlıq ver.
Haşım bəy:
– Görək sənin rəyin nə olacaq?
– Yaxşı, danışarıq, tanıyarıq, -deyib söhbəti yekunlaşdırdı.
İtaliyadakı təhsil illərindən, baş verənlərdən və nəyi xatırlayırdısa, danışdı. Roma, Milan, Turin, Neapoldan gen bol söz açdı. İndi isə qarşısında iki məqsəd dururdu: iş tapmaq və yeni qonşu ilə tanışlıq. Hədsiz marağı bu işi məqsədə çevirmişdi, evdəkiləri də, yeni qonşunu da görmək üçün tələsirdi. Nicatın gəlişi ailədə hər kəsin sevincinə səbəb olmuşdu. O, yeni qonşu ilə tanış olmaq üçün qapını döydü. Qara saç, uzunboy, orta yaşlı bir qadın qapını açdı. Nicat onu görən kimi dilləndi:
– Salam, xoş gördük, xanım! Eşitdim ki, bura təzə köçmüsünüz.
Qadın gülümsündü və bir kəlmə demədən başı ilə təsdiqlədi. Nicat əlindəki qutablarla dolu boşqabı qadına tərəf uzatdı və:
– Xanım, bunu qonşu payı kimi qəbul edin.
Qadın bircə kəlmə “Thanks!” (Təşəkkürlər) deyib yenə gülümsündü və qapını örtdü. Nicat deyinə-deyinə “Adam bir deyər içəri keç, qonağım ol! Buna elə birbaşa “əcnəbi” desələr, daha yaxşı olar. Bu nə soyuqqanlılıqdır belə?! Elə bil azərbaycanlı deyil, xas almandır. Amma Eldar düz deyirmiş, zahirdən bizimkilərə oxşayır. Gözəl qadındır” deyib evə qayıtdı. Ancaq həmin qadınla tanışlıq məsələsi heç cür onun ağlından çıxmırdı.
Nicatın İtaliyadan qayıtması xəbəri az zamanda işıq sürəti ilə məhəlləyə yayıldı. Avropada təhsil almış gəncə dair yeni qonşuda da bir maraq oyanmış, ona qarşı qəlbində qeyri-ixtiyari bir rəğbət hissi yaranmışdı. İndi bu gənclə özü arasında bir yaxınlıq, bir ortaqlıq görürdü. Ortaq cəhətlər isə insanlar arasında sağlam münasibətlərin yaradılmasında ən mühüm faktordur. O da bir zamanlar təhsil almaq üçün vətəni tərk edib, Almaniyaya getmiş, orada iş və ailə həyatı qurduqdan sonra isə bura qayıtmamışdı. Avropada yaşadığı müddətdə əksər Avropa ölkələrinə səyahət etmiş, bir neçə əlavə dil də öyrənmişdi. Zamanla oxuduqları, gördükləri ilə dünyagörüşünü də zənginləşdirmişdi. Oxumuşdu, görmüşdü, bilmişdi, sürətlə inkişaf etmişdi və dəyişmişdi. Qürbətin gözoxşayan, heyrət doğuran yenilikləri və tərəqqisi onu necə valeh etmişdisə də, vətən, yurd sevgisini qəlbindən çıxara bilməmişdi. Əksinə, bu tərəqqini öz ölkəsində görmək istəyir, xalqının da dünyanın ən inkişaf etmiş xalqları sırasında olmasını arzulayırdı. Bu istək onu iyirmi ildən sonra yenidən vətənə qaytarmışdı. Almaniyadakı işini, yaşayışını, hər şeyi atıb vətənə bu müqəddəs arzusunu reallaşdırmaq üçün qayıtmışdı. Orada təhsil şirkətinin müdiri olan bu qadın – Leyla Əhmədbəyli şirkətini Amerikada yaxşı təhsil görmüş oğlu Sərxana həvalə etmişdi. Özü isə şirkətinin burada bir filialını yaratdı. Uşaq və gənclərin maarifləndirilməsinə xidmət edən bu şirkət keçirtdiyi uğurlu layihələr, müsabiqələr ilə ölkədə böyük nüfuz qazanmış, alman və digər millətlərdən olan gənclər bu maarifyönümlü layihələrdən xeyli faydalanmışdılar. Leyla Əhmədbəyli böyük vəchlə öz millətinə xidmət etmək arzusu ilə alışıb-yanırdı. İndi yaşadığı mənzildə isə əmisigil yaşamış və onun gəlişinə qədər müxtəlif adamlara kirayə vermişdilər. Uzun illər ingilis və alman dillərində universitetlərdə dərs dediyinə görə və layihələrini, işlərini bu dillərdə qurduğuna görə öz ana dilində danışa bilmir, danışdıqda isə fikirlərini ifadə etmək üçün ya uyğun söz tapa bilmir, ya da danışıq normalarını intensiv surətdə pozurdu. Bu isə ona xəcalət hissi verirdi. Elə bu səbəbdən dilini yenidən öyrənənə qədər heç kəslə danışmamağa çalışırdı. Yerli camaat tərəfindən “əcnəbi geyimli qadın” adlandırılmasından da xəbər tutmuşdu. Düzü, vətənə döndükdən sonra bu cür qarşılanacağını gözləmirdi. Onun əsl məqsədinin və kimliyinin öyrənilmədən adına ləqəb taxılması həm də onu mənən incitmişdi. Azərbaycan dilinə ən yaxşı şəkildə bələd olmaq isə ona xalqla ünsiyyətə keçməsində əsas vasitə olacaqdı. “Deməli, Nicat kimi ayıq düşüncəli gənclər var və yetişməkdədir. Mən təcili onunla əlaqə yaratmalı, onun vasitəsilə digər azərbaycanlıları da həqiqi maarif bayrağı altında birləşdirməliyəm!” deyə öz-özünə düşünürdü. Vaxt itirmədən Nicatgilə getdi, qapını döydü. Nicatın anası Gülü xala qapını açdı. Leyla xoş təbəssümlə:
– Salam. Mən Nicat danışmaq istəmək.
Gülü xala “əleykə salam” deyib Nicatı səslədi: “Ay Nicat, təzə qonşu səni görmək istəyir, gör nə deyir”. Gülü xalanın çəkinmədən “təzə qonşu” ifadəsini işlətməsindən də aydın hiss olunurdu – qadına yad münasibət!
Nicat ədəb-ərkanla xanımı salamladı və əli ilə “buyurun” işarəsi verdi. Leyla hıqqına-hıqqına dedi:
– Nicat bəy, mən siz ingilis, ingilis, dil, dildə danışmaq olar?
O, qadının xahişini rədd etmədi və onun xahişinə qarşılıq olaraq başı ilə təsdiq işarəsi verdi. Beləliklə, onunla ingilis dilində söhbət etməyə başladı.
– Nicat bəy, mən eşitdim ki, siz İtaliyada 6 il təhsil alıb indi qayıtmısınız. Hər halda, siz daha irəli düşüncəli bir gənc olarsınız deyə sizinlə söhbət etməyi lazım bildim.
– Buyurun
– Mən Leyla Əhmədbəyli Almaniyada “EduCulture” adlı təhsil şirkətinin rəhbəriyəm. İndi oğlum bu şirkətə orada rəhbərlik edir. Şirkətimizin məqsədi uşaq və gəncləri təhsilə, maarifə cəlb etməkdir. Bununla bağlı layihələrimiz, müsabiqələrimiz olur. Dəfələrlə bu layihələrimiz Almaniyada və digər Avropa ölkələrində qrant qazanıb. Bunlardan çox sayda alman və digər millətlərdən olan gənclər faydalanıb. Mən azərbaycanlıyam və öz xalqıma xidmət etmək üçün, bu layihələri burada həyata keçirmək üçün vətənə qayıtmışam. İllərdir orada yaşadığımdan mən öz dilimi unutmuşam. Bu mənim qəbahətimdir, qəbul edirəm. Bu qəbahət məni xalqıma uzaq salır. Mən onlarla danışa bilmir, onların nə düşündüklərini duya bilmirəm. Dil həqiqətən böyük faktormuş. Mən onlarla eyni xalqdan olsam da, onlardan uzağam. Sizinlə danışdığım kimi onlarla danışa bilmirəm. İdeallarımı, arzularımı ifadə edə bilmirəm. Bu səbəbdən, istəyirəm bu işi siz həyata keçirəsiniz, əlbəttə istəyirsinizsə. Azərbaycanda şirkətimin filialını açmaq üçün yuxarı dairələrdən icazə almışam. Nə deyirsiniz?
– Leyla xanım, olduqca gözəl təşəbbüsdür və sizi tanıdığıma görə çox məmnun oldum. Sizin bu qədər təəssübkeş, fədakar və millətsevər bir insan olduğunuzu bilmək isə məni həm sevindirdi, həm də qürur duydum. İllər sonra vətənə qayıdıb vətən üçün çalışmaq istəyiniz təqdir edilməlidir. Mənimlə bir universitetdə oxuyan neçə azərbaycanlı gənc vardı ki, vətənə dönmək istəmədi.
– Təəssüf ki. İndi onların savadından öz xalqı yox, başqa xalqlar yararlanacaq.
– Bəli. Təəssüf! Ancaq buradakı təhsil sistemi də onlara nəsə qazandırmayacaqdı. Məktəbdə bizimlə bir oxuyan, çox savadlı qızlar, oğlanlar var ki, universiteti fərqlənmə ilə bitiriblər, lakin hələ də işsizdirlər.
– Bu səbəbdən, bizə hər sahədə inkişaf etmək çox vacibdir. Xüsusən də, təhsil sahəsində.
– Bəli. Elədir ki var.
– Xaricdən təcrübə toplayıb onların vətənə dönməməsi çox acınacaqlı vəziyyətdir. Axı onlar da bu ölkədən, bu xalqdan qaçacaqsa, daha kim kömək edəcək bu gəncliyə, bu ölkənin inkişafına?!
Nicat qadının dediklərini öz beynində təhlil edir, düşünürdü. Leyla olduqca fikirli görünürdü. O, illər boyu xalqdan uzaq fəaliyyət göstərməsindən doğan peşmanlığını dilə gətirdi:
– Mən uzun illər boyu bu xalqdan uzaq oldum. Nə qədər içimdə xalqıma dair sevgim, vətənimə qarşı keçirtdiyim həsrət hissi məndən bir an da olsun ayrılmamışdısa da, yenə də ondan uzaq idim. Təsəvvür edə bilirsən mən bu müddət ərzində nələr edə bilərdim.
– Bəs sizi yenidən vətənə qaytaran səbəb nə oldu?
– Məni macar əsilli bir xanım ayıltdı. O məndən şirkətimin Macarıstanda filialını açmağı xahiş etdi və bütün var-dövlətini verməyə hazır olduğunu dedi. Bu, məni o qədər düşündürdü ki, gecələri yatmağa qoymurdu. Xəcalət çəkdim! Bəs mən nə etmişəm xalqıma? Eh! Utanıram! Bu utancımdan xilas olmaq, xalqım üçün çalışmağa gəldim.
– Anladım. Xanım, mən sizə bu müqəddəs amalınızı həyata keçirməkdə əlimdən gələni etməyə hazıram. Bəs layihələrinizlə necə tanış ola bilərəm?
– Mən sizə şirkətimdə icraçı direktor vəzifəsini tapşırıram. Layihələr barədə isə sabah Cəfər Cabbarlı 44 ünvanına gələrsiniz, ətraflı danışarıq. Nəyi, necə edəcəyimiz barədə götür-qoy edərik.
– Aha, oldu.
– Hələlik!
– Görüşənədək!
Beləcə bir saatdan uzun çəkən söhbəti anası Gülü xala və bacısı Sevər kənardan maraqla izləyirdilər. Onların söhbət zamanı göstərdiyi reaksiyalarından, üz, bədən hərəkətlərindən söhbətin nədən getdiyini anlamaq istəsələr də buna nail ola bilmirdilər. Söhbətin yekunlaşmasını gözləməkdən başqa çarə qalmamışdı. Səbirlə, yaxud səbirsizliklə gözləməli idilər. Gülü xala bu qadının gəlişindən bir qədər narahat da olmuşdu. “Bu əcnəbi qadın birdən oğlumun beynini yuyar, təzədən xaricə gedər və bir də gəlməz” fikirləri içərisində çırpınırdı.
Söhbəti bitirdikdən sonra Nicat onu evinə yola saldı. Leyla gedən kimi Nicat öz otağına çəkildi. Gülü xala:
– Nicat, oğlum, o qadın nə deyirdi?
– Heç nə. Sonra danışarıq. Bir az uzanmaq istəyirəm.
– Oğul, heç nəyin söhbəti 1 saat çəkir?
– Onun dediyi şeylər bu gün üçün heç bir mahiyyət kəsb etmir. Ona görə heç nədir. Yoxsa Leyla xanım çox ayıq düşüncəli, savadlı və millətsevər bir insandır. Dedikləri də xalqın, millətin inkişafı üçündür. Amma … görən bu xalq o inkişafı istəyirmi? Bax, bu maraqlıdır.
– Sənin dediyindən bir şey qandım, bir şey başa düşdümsə özümə nə deyim. Sən ən yaxşısı, ona baş qoşma, oğul. Dayın sənə işə düzəldər, başını aşağı salıb işləyərsən.
Nicat dinmədi və otağına keçdi. Uzanıb onun dediklərini düşünməyə başladı. “İnanmıram, bir nəticə hasil olsun. Amma cəhd etmək mütləqdir. Bəlkə, belə cəhdlər sabahın gənclərini yeniliklərə, inkişafa daha çox yönəldəcək və onlar ənənələrin arxasından qaçmağın deyil, təşəbbüskar olmağın yolunu tutacaqlar” fikri onu hərəkətə keçməyə vadar etdi. Dostlarını, tanışlarını çağırıb bir kafedə görüşdülər. Burada o, dostları ilə yeni layihəsi barədə fikirlərini bölüşdü və bir neçə ideya irəli sürdü. Dostlardan bir qismi bunu laqeydliklə qarşıladı: “boş şeydir. Kimə məcbur kitab oxutduracaqsan ki? Ya da o boyda Qarabağ itkisindən sonra kimə gəl ədalət uğrunda mübarizə aparaq deyəcəksən ki?”; digər qismi “Nicat, bu işlər ancaq vaxt itkisidir. İtaliyada oxudun gəldin ki, belə bekara işlərlə məşğul olasan. Get, özünə bir iş tap, ailəni qur, yaşa özünçün. Vətən üçün ölənləri ildə bir dəfə yada salan bir xalqıq biz. Kimin qədri bilindi ki, səninki də bilinə. Eşidirsən, özünçün yaşa!” dedi. Yalnız iki nəfər – Muradla Elxan “Nə etmək lazımdırsa, hazıram” deyib ona dəstək oldular.
Nicat dostları ilə Azərbaycan və dünya ədəbiyyatının ən gözəl örnəklərinin nəşr edilməsi üçün nəşriyyatlara üz tutdu. O, tarixçi, filoloq və etnoqraflarla görüşdü, onlardan Azərbaycan ədəbiyyatı, dili, mədəniyyəti, tarixi, etnoqrafiyası ilə bağlı gənclərin biliklərinin artırılmasına xidmət edəcək hansı əsərlərin çapı barədə məsləhətlər aldı. Tarixi şəxsiyyətlərin həyat fəaliyyətini əks etdirən məlumat kitabçaları nəşr edildi, tərcümə ədəbiyyatına başlandı. İlk dəfə dostlarından gördüyü laqeyd münasibəti ölkənin ziyalılarından, kitabları, qəzetləri, jurnalları “müxalif” və “iqtidar”a bölənlərdən, maaş xətrinə dərsə gəlib gedən müəllimlərdən, semestr imtahanlarını verib “canını qurtarmaq” istəyən tələbələrdən, gününü avtoşluq və avaraçılıqla keçirən gənclərdən, “kitab oxuyub alim mi olacaqlar?! Alim bax, Mədət Əliyev ailəsini dolandırmaq üçün dəridən-qabıqdan çıxır” deyən yerli camaatdan, vəzifə itirmək qorxusu ilə hər cür yenilik və inkişafa qarşı duran hər kəsdən gördü. Bəli, bunlar günümüzün reallıqlarıdır. Amma hər xalqda bu cür vəziyyət yaşanır, bu cür neqativ hallarla qarşılanır. Onlar sivil mədəniyyətə, inkişafa necə nail ola bildilərsə, biz də ola bilərik. Axı niyə də olmasın?! Sadəcə bizim hələ ayılmağa ehtiyacımız var.
Qarşıya çıxan səbəbli, səbəbsiz maneələr Nicatı çox ruhdan salırdı. Ancaq unutmaq olmazdı ki, ilk cəhdlər nə qədər uğurlu və uğursuz olsa da, cəhd olaraq çox əhəmiyyətlidir. Bu addımı kimsə atmalı idi, ya o, ya da başqası. Düşünəndə ki, evində yatmaq, başını aşağı salıb maaşa işləmək əvəzinə xalqın üçün nəsə, lap kiçik də olsa nəsə etmək – bu, insana həqiqi rahatlıq verir və öz vicdan məhkəməndə müqəssir olmaq duyğusundan xilas edir. “Nə yaxşı Leyla xanımla tanış oldum, onun maarifə yönələn xidmətləri və maddi yardımı xalqın inkişaf bankına qoyulmuş sərmayədir sanki. Amma bizimkilər onun zahirinə baxıb “əcnəbi geyimli qadın” adı qoydu. Bəlkə bizimkilərdə də günah yoxdur, xalq ingilis dili bilmir, alman bilmir, rus bilmir. Lakin bizim yerimizə başqa millət olsaydı, onu geyiminə, maşınına görə qınamaq yerinə, ona Azərbaycan dili sevgisi aşılardı” düşüncələrində qadına nə qədər rəğbəti və hörmətinin artdığı biruzə verirdi.
Onun və Leylanın fəaliyyəti bir qrup insanları nə qədər narahat edirsə etsin, onların nə qədər haqsız hücumlarına, amansız təhdidlərinə məruz qalsalar da, bir an olsun öz müqəddəs amallarından dönmədilər. Bununla da, onlar əqidə, amal dönməzliyi ilə öz ətraflarına inkişaf, dəyişmək istəyən insanları yığa bilirdilər və bu insanların sayı gündən günə artmaqda idi. Bir zamanlar mollanəsrəddinçilərin, Əhməd bəy Ağaoğlunun, Əli bəy Hüseynzadənin getdiyi yolu indi onlar daha sürətlə, daha əmin addımlarla getməli idilər. Çünki dünya xalqları sürətlə inkişaf edir, bizimsə artıq gecikməyə vaxtımız yoxdur!

01.01.2019 – 06.03.2019