Şəfa EYVAZ.”Tufan yoxluğun”

Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

Bilmirəm nə olar, nə ola bilər?
Qorxuram bir daha açılmaz səhər.
bəlkə də al günəş qara boyanar,
mən səndən əlimi üzmək istəsəm.

Əlini əlimdən qopara bilər,
sənin yoxluğun var, tufandan yaman
Hicranın ruhumu göyə sovurar,
Səni bu dünyada gəzmək istəsəm.

Acı da söyləsən bal dada bilər,
Sənin həsrətinin dadı başqadı.
Hər hissəm bir yola bələdçi olar,
Qəlbimi yoluna düzmək istəsəm.

Dünya məhvərindən oynaya bilər,
Azalar yaxşının biri dünyada.
Kim bilir bəlkə də qiyamət qopar…
Mən sənin dərdinə dözmək istəsəm.

10.04.2013