Rafiq ODAY.”Elə-belə”

Biraz səbrim daralıb,
Təngiyib nəfəsim də.
Sən cah-cəlal eşqində,
Mən sevda həvəsində.

Qayıtmaq ümidi var,
Hər köç edən quşun da.
Yazı oxunmaz olub
Alnımın qırışında.

Yağışda islanıram,
Keçib gəlirəm qardan.
Üstümə qor ələnir
Sayrışan ulduzlardan.

Qaçıbdı gözlərimdən
Yuxu, göyə dirənib.
Qalxıb sinəmin ahı
Axı göyə dirənib.

Yaz da, payz da, qış da,
Elə yay da sənindi.
Mən fayda güdmürəm ki,
Bütün fayda sənindi.

Barı, insafla iş gör,
Yerində nəsə saxla.
Vüsalına yetməyə
Bir yol da kəsə saxla.