Əziz dostum, dəyərli qardaşım
Rafiq Oday haqqında düşüncələrim

İnsanlar arasında ən xoş münasibətlər ən səmimi hisslərdən yaranır. Məhz yaratdığı səmimi münasibətdən dolayı Rafiq Oday hər kəsin yaxın dostu və sirdaşıdır. İnsanlara qarşı diqqətli olmaq, qayğı göstərmək onun xislətindədir. Bu onun daxili mədəniyyətindən irəli gəlir.
Qayğıkeşlik və kiminsə uğuruna sevinmək bir qabiliyyətdir. Bunun məktəbi yox, öyrətməni yox. Əsas sirri, soy kökündən qaynaqlanaraq əsl insan olmaqdır. Odur ki, Rafiq Odaya xas xarakterik xüsusiyyətlər, insanlığın əsl nümunəsidir.
Rafiq Odayı başqalarından fərqləndirən cəhət, onun yüksək intellekti, möhkəm məsuliyyət hissi və hamıya qarşı diqqətli olmasıdır. Onun uğur kodeksi, özünə, öz işinə, yaradıcılığına və insanlara qarşı son dərəcə diqqətindən, məsuliyyətindən və mehribanlığından doğur. Rafiq Odayın könlü, ürəyi dostların xidmətində dayanmaqdan, qayğısını çəkməkdən dinclik tapır, rahatlıq tapır. Bu ona bir insan kimi, ruh adamı kimi ayrı zövq verir.
Rafiq Oday Azərbaycan dilinin, ədəbiyyatının layiqli təbliğatçısı, mükəmməl araşdırıcı dilçi, sərt ədəbi tənqidçi, gözəl natiq və səlist təşkilatçıdır. Əqidəsi düz, məsləki dürüst, əsl insanlığın və dostluğun ləyaqət simvollarından biridir.
Rafiq müəllimin işgüzarlığı, dürüstlüyü, gülərüzlülüyü və xoş münasibəti ona çox geniş nüfuz dairəsi qazandırıb. O, çoxlarının yaradıcılıq yoluna işıq salmaqla, həm də ədəbiyyata, Azərbaycan dilinə layiqli xidmətini sərgiləyib.
Hər kəsin işinin, əməlinin kefiyyəti, onun şəxsi kefiyyətinin davamıdır. Odur ki, üzü nurlu, geniş qəlbli Rafiq Odayın insanlara sevgi ilə yanaşması, vicdanlı münasibəti onun şəxsi kefiyyətinin göstəricisidir.
Rafiq Oday söz adamıdır, ruh adamıdır. Ömrünü, həyatını sözə, şeirə, poeziyaya həsr edib. İxtisas etibarıyla, əməkdar jurnalist olmasına və bu sahədə kifayət qədər uğur qazanmasına baxmayaraq, şeirə daha çox meyl edib. Rafiq müəllim həm peşəkar jurnalis, həm də istedadlı şairdir. Sözə sığal çəkə-çəkə, qələminin sehri ilə, könülləri ram etməyi, beyinlərə nüfuz etməyi, ürəkləri fəth etməyi və qəlblərə girə bilməyi bacaran Rafi Oday, sözünə, özünə qarşı da, çox ehtiyatlı və etibarlıdır.
Mən Rafiq müəllimi yaxından tanıyan və onun əqidəsinə bələd olan dostu, qardaşı kimi, bütün mısuliyyətimlə deyə bilərəm ki, o, ləyaqətli ata, etibarlı dost və gözəl ailə başçısıdır.

Dərin hörmətlə,
Polad SABİRLİ
19.12.2019.