Dərin hörmət bəslədiyim, etimad qazanmış dostların
hər birinin boynunda haqqı olan Lalə xanım Mikayılzadəyə

Mayan halallıqdan yoğrulub, adın
Müqəddəs işinlə qoşa qanaddi.
Vaxt oldu, bir an da çimir almadın,
Vaxt oldu, gözündə gecə dan atdı.

Beləcə yaşadın halal ömrünü,
Kiminə şam oldun, kiminə mayak.
Dərd-sərin əlindən gəl al ömrünü,
Gör neçə dost səndən gözləyir dayaq.

Adın gör haçandı dildə, dodaqda,
Ünvanın çoxunun tale yoludu.
Sənin ürəklərdə qurduğun taxtda
Nəfs də, həsəd də haqqın quludu.

Ortaq bölüşürsən hamının qəmin,
Dərdinlə sevincin qoşadır sənin.
Sevgidi, sayğıdı könül həmdəmin,
Bu ülfət, bu mehr yaşadır səni.

Hər gün söyləyirsən “Təkbir” Allaha,
Çiynin altındadır ən ağır yükün.
Deyirsən: sığının tək bir Allaha,
Durun səcdəsinə, siz də diz çökün.

Müdriklik boy atır hər söhbətində,
Səni sevdiribdi, bacı, sadəlik.
Tanrı ərmağanı bu qismətində
Yaşayır başının tacı sadəlik.

Bir məsum, gülüzlü mələk kimisən,
Hər kəsə qəlbindən nur paylayırsan.
Xoş arzu, ən ülvi dilək kimisən,
Hamını saflığa haraylayırsan.

Qoy ömür bağçanı sazaq almasın,
Tər güllər ömrünün naxışı olsun.
Həyatın sevincdən uzaq olmasın,
Bu da biz dostların alqışı olsun.