Yaşamaq haqqın vardı
Sənin də, qoymadılar.
Hər gün od qaladılar
Tənində, qoymadılar.

Dünya iblis, sən mələk,
Düz ələmir bu ələk.
Gəl indi dərdini çək
Dənin də, qoymadılar.

Yolunda bənd qurdular,
Min cürə fənd qurdular,
Imanını qırdılar,
Dinində qoymadılar.

Səbret, püşkünlə barış,
Olum, ölüm – bir yarış.
Yer istədin bir qarış
enində, qoymadılar.

Bu haqq hardan əyilmiş? –
Kim sorubsa, döyülmüş.
Göy də bizlik deyilmiş,
Enin də, qoymadılar.