“Venesiyaya məktublar”ın əks-sədası – Şəfa Vəli Emin Piridən yazır

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

“Turist” filmində Conni Deppin damdan-dama atlayıb qaçdığı bir səhnə var. Adama elə gəlir ki, o səhnə insanın can qorxusundan daha çox, Venesiyada damların bir-birinə olan mehribanlığını anladır… Damları mehriban olan adamlar da yaxşı qonşulardır, yəqin ki…

… Bir nəfər İsadan soruşur: “Tanrı buyurur ki, qonşunu özün kimi sev. Bəs mənim qonşum kimdir?” İsa cavab verir: “Bir adam yolda gedərkən quldurların hücumuna məruz qalır. Quldurlar onu döyür, yarıcan halda yolda qoyub paltarlarına qədər götürüb gedirlər. Yoldan bir kahin və bir həmkəndlisi keçir, ikisi də yarıcan halda yatan adamı görüb yollarını dəyişirlər. Ona yaxınlaşmırlar. Bir səyyah isə qaçaraq yaxınlaşır, çantasından yağ və şərab çıxarıb huşsuz adamın yaralarını yuyur, sarıyır. Sonra onu yaxındakı evə aparır. Ev sahibinə pul verib deyir ki, bu adamı sağalt, ona yaxşı bax. Əgər mən qayıdanadək verdiyimdən artıq pul xərcləsən, sənə yenə pul verəcəyəm. İndi, səncə, həmin adamın qonşusu kim idi?”

Təbii ki, fikrin özəyini anlayan hamı qonşunun kim olduğunu bilir. Amma məni Emin Pirinin Venesiyada yaşayan qonşusu daha çox düşündürdü bu gün… Hərçənd, Emin adını “Venesiyaya məktublar” qoyduğu silsilədə məktubun ünvanı kimi əsmər-şokolad qızı göstərir, mən yenə də bu məktubların onun bir qadına olan eşqindən daha çox dünyaya, insanlara olan eşqindən bəhs etdiyini düşünürəm…

“Üzümü hara tutum dua edəndə? Məkkəyə, Vatikana, yoxsa Venesiyaya?” misraları birbaşa “Aşıq və Yaxşı” dastanına göndərmə olsa da, 33 yaşında intiharı düşünmək Nitsşenin “Allah öldü, onu biz öldürdük” deyiminə üsyandır… Emin sübut etməyə çalışır ki, daxilimizdə Allahı öldürmürük, əksinə, daim ona doğru can atırıq, həyat-ölüm seçimində də onun tərəzisinin hansı gözünün ağır olduğunu hesablamağa çalışırıq…

Emin Piri Venesiyadakı qonşusuna yazdığı bütün məktublarında İsanın insan sevgisindən bəhs edir: Suriyada gəlinciyi güllənən qızcığaz da, Prometey də, İsanı edama aparan Roma əsgərləri də Eminin qonşusudur…

Mən Zevsin Qafqaz adlı cəhənnəmində
Prometey kimi
Ciyərlərimi didir qartal
Sənə verdiyim “oda” görə…

Bütün dünya xalqlarının mifologiyasında Qaf dağının (Qafqazların) anladılması fərqlidir… Mif və əsatirlərdə Qaf dağının “zülmət diyarı”, “Anka quşunun yuvası”, “Tanrıların diyarı” kimi qarşımıza çıxması heç də təsadüf deyil… Amma Eminin Qafqazı “Zevsin cəhənnəmi” kimi təqdim etməsi yadıma şərab tanrısı Dionisi saldı. Özünü həmişə ikinci adıyla “Bakius” kimi təqdim edən Dionisin sonradan sıralarına daxil olduğu tanrıların “cəhənnəmi”nin odun qaynağı olması da zamanla aşınmış inancdır. İnsanların odla “küsüb-barışmaları” fonunda Qaf dağı təfəkkürlərdə müxtəlif cür obrazlaşdırıla bilərdi…

***

Xəritədə İtaliya hələ də yuyur
Çəkməsinə bulaşmış palçığı
Aralıqda batan şərqlilərin göz yaşıyla…

Belə yazır üçüncü məktubunda Emin Piri… Xəritəyə baxdım, düşündüm, görəsən, “şərqlilərin göz yaşıyla” yuyulmasından qorxduğundanmı Emin bütün məktublarını çəkmənin palçığa batmayan yerinə – Venesiyaya göndərir? Sonra da öz-özümə: “Yox… O, bu məktubuyla şərqli qonşusunun faciəsini qərbli qonşusuyla bölüşür…” – dedim… Bütün Şərqin dərd yükünü sətirlərinə toplayıb xəyali qanadlarıyla Venesiya səmalarında uçan bir məktub hansı göz yaşından qorxar ki?!

***

İnsanların qonşusunu tanımadığı göydələnlərin sakiniyik… Amma dualarımızda hələ də “Tanrım, bütün insanları qoru, axı, bütün insanlar qardaşdır” – deyə biliriksə, deməli, hələ insanlıq ölməyib… Ölməmişik… Təkliyimizin, kimsəsizliyimizin qürurunu ruhumuza geyindiyimiz vaxtlar da ömürdən sayılır… Emin Piri ömrün bu anlarını gecəyə bənzədir, Tanrının ən etibarlı sirdaş olduğunu anladır.

“Şeytana atılan daşlardan uşaqlara xoşbəxtlik sarayı tikmək” Eminin qonşusuna pıçıldadığı ən səmimi arzudur. Oxucu kimi arzulayıram ki, kaş, Eminin venesiyalı qonşusu onun bu pıçıltısını eşitsin…

***

Eminin məktublarında müharibə də bir başqa obrazdadı. Elə bil, “buzovlar ölkəsi”nə – mafiya savaşlarının mərkəzinə “Hamıdan çox uşaqları sevər müharibələr… Kiminin alnından, Kiminin gözündən öpər” yazıb göndərməklə həqiqəti bütün əsrlərin ən “bahalı” rəsm əsərinin – insan duyğularının fon rəngində gizli mesaj kimi ötürür…

“Atasının məzarını qıdıqlayaraq onu güldürməyə çalışan” balaca qızcığazla Venesiyadakı əsmər-şokolad qız, nəinki qonşu, lap elə əmiqızıdırlar; atalarının miras davası Habillə Qabildən bu yana hələ bitməyib… Bu davanın sülhlə bitəcəyi gün insan oğlu SÖZ olaraq yenidən doğulacaq və bütün cümlələr, bütün şeirlər yenidən yazılacaq… Həmin vaxt suların yaddaşından bir misra qopacaq, buludlara qovuşacaq, hər yağış damlasıyla torpağa hopacaq: “Hamımız Tanrının övladıyıq, qardaşım İsa!” İsanın son cavabı isə bu olacaq: “Tanrı buyurmuşdur: Qonşunu özün kimi sev!”