Saqif QARATORPAQ.Yeni şeirlər

Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Hüseyn Arif” Ədəbi Məclisinin sədri

Yavaş-yavaş alışırsan hər qəmə,
Adilləşir sol qolunun ağrısı.
Yavaş-yavaş gözdən düşür ömür-gün,
Deyirsən ki…
Ürəkdi də, qoy ağrıyır-ağrısın…

Qoy sevinsin qeybətini qıranlar,
Gülə-gülə gəl hamını yola ver.
Xatirələr göz yaşında durulsun,
Külə dönən ümidləri yelə ver!

Eh…kimə nə ağlayırsan,gülürsən,
Bəlkə elə unutmusan adını.
Bu gecə də tənhalıqdı qonağın,
Çıxardırsan darıxmağın dadını.

Açıq qalıb səhərəcən pəncərən,
Qəfil yağış pərdələri isladıb.
Gözlərinə düşən gündən oyandın,
Bu sabah da öz-özünü aldadıb…

Aman Allah saat səkkiz otuzdu…
Di qaç görüm, birinci dərs başladı.
Səbrin çatmır bir stəkan çaya da,
Bu günün də heyif….çox nəs başladı…

Lap beləsə,kefini də pozma heç,
Dərd eləmə,keçib gedər hər nə var.
Təbəssümün işıq tutsun yoluna,
Ötəridir,keçəridir ağrılar…

Eh…bu gün də baş-başasan özünlə,
Bir az kövrəl,gəl özünü dilə tut.
Göz yaşınla buludları şad elə,
Kədərini çiçəyə tut, gülə tut.

Bu günü də bax beləcə yola ver,
Ötüb keçər bu dumanlar, bu çənlər.
Hər adamın sevinməyə haqqı var,
Qoy sevinsin inciyənlər, küsənlər.

Pəncərə

Səni kim çəkib asıb
Zalım,o pəncərədən?!
Düşərmi bircə dəfə
Yolum,o pəncərədən.

Bax,çayın da soyuyur,
Zaman çıxır yadından.
Tərləyir bir pəncərə
Ürəyinin odundan.

Bir ömür tüstülənir…
Alışırsan,sönürsən.
Unudursan özünü,
Pəncərəyə dönürsən.

Təkliyin,yalqızlığın
Həmdəmidi pəncərə.
Zülmətdən keçib gedən
Ağ gəmidi pəncərə.

Səni götürüb gedər…
Ha qaçsam da çatmaram.
Yeriyəm su üstə,
Bəs nə sirdi,batmaram.

Yadından çıxıb tamam,
Yuxulusan,oyaqsan.
Pəncərə bir dənizdi,
Sən bir tənha mayaqsan…

Uyuyursan…yuxuna
Keşik çəkir pəncərən.
Bir gün durub görərsən
Çiçəkləyib pəncərən…