Şəhid Elman Müslüm oğlu Abbasovun
unudulmaz xatirəsinə

I

Ataxal kəndində gəldi dünyaya,
Dolaşdı hər dağı, dərəni Elman.
Yaxşı tanıyırdı mahir ovçutək,
Bu yerdə hər bəndi, bərəni Elman.

Ataya, anaya ümid payıydı,
Babanın-nənənin hay-harayıydı,
Hamı bu oğlanı doğma sayırdı,
Sevirdi doğmatək hərəni Elman.

“Cəngi” üstündəydi sazının simi,
Yox idi zərrəcə kəsiri, kəmi.
Düşmən xar olardı – Koroğlu kimi,
Çəkəndə bir dəli nərəni Elman.

Gənc idi, deyildi sənətdə naşı,
Sevib-əzizlərdi torpağı, daşı,
Göydə buludlara dəyərdi başı,
Zərblə sındırardı kərəni Elman.

Tanrı duasıyla almışdı adı,
Olmuşdu bir nəslin qolu, qanadı.
Bu odlar yurdunun igid övladı,
Gədəbəy elinin ərəni Elman.

II

Düşüb qovğaya, qala, –
Ana Vətən çağırır.
Kim dözər ki, bu hala? –
Ana Vətən çağırır.

Gün ağlamaz xalx bizə,
Dayaq olsun Haqq bizə,
Namusdu torpaq bizə,
Ana Vətən çağırır.

Neylər bizə bu hədə,
Beş-on “yan”, beş-on gədə,
Şərəf-şan təhlükədə,
Ana Vətən çağırır.

Sona varılmaz lənglə,
Dinək topla, tüfənglə,
Tarix yazaq bu cənglə,
Ana Vətən çağırır.

Boğularsa gur səsin,
Ömür olar bir əsim.
Analar inciməsin, –
Ana Vətən çağırır.

III

Baxmaz qardı, borandı,
Şərəfi bilər bu andı.
Keşikdə mərd durandı,
Azərbaycan əsgəri.

Torpaq müqəddəs beşik,
Ulus, oymaq, ev-eşik,
Qürurla çəkər keşik,
Azərbaycan əsgəri.

Öndədir hər yarışda,
Həm hərbdə, həm barışda.
Can qoyar hər qarışda,
Azərbaycan əsgəri.

Səngərində mərd durar,
Ürəyində od durar.
Düşmənə qan uddurar,
Azərbaycan əsgəri.

Müqəddəs and yeridi,
Xalqın ümid yeridi.
Qalibiyyət şeridi,
Azərbaycan əsgəri

IV

Vətən səsləyəndə, “hazıram” dedin,
Götürdün əlinə silah, döyüşdün.
Torpaq darda ikən qına çəkilmək,
Gizlənmək ən böyük günah, döyüşdün.

Namusdu, qeyrətdi, ismətdi torpaq,
Odur ki, anaya nisbətdi torpaq.
Taledi, iqbaldı, qismətdi torpaq,
Apardın torpağa pənah, döyüşdün.

Çəkdirdin min türlü dağı düşmənə,
Güllələr söylədi ağı, düşmənə,
Həddini bildirdin yağı düşmənə,
Ucaldı göylərə min ah, döyüşdün.

Soldan həmlə etdin, sağdan yeridin,
Dərədən yeridin, dağdan yeridin.
Köməyə çağırdı Ağdam – yeridin,
Hər yan oldu sənə cinah, döyüşdün.

Hər addımbaşında ölüm nidası,
Səni qorxutmadı qanı-qadası,
Qəlbdə yağılara nifrət sədası,
Dildə – Vətən, Torpaq, Allah – döyüşdün.

V

Torpağından yoğrulduq,
Sənə layiq oğulduq,
Biz ölməyə doğulduq,
Vətən, başın sağ olsun!

Kim dözər yurd talansa,
Köksü oda qalansa,
Biz köçən, sən qalansan,
Vətən, başın sağ olsun!

Azadlıq yolu bu yol,
Ya şəhid, ya qazi ol.
Təki bizdən razı oi, –
Vətən, başın sağ olsun!

Üzümüz ağ yanında,
Qara torpaq yanında,
Biz bir canıq canında,
Vətən, başın sağ olsun!

Torpağından yoğrulduq,
Sənə layiq oğulduq,
Biz ölməyə doğulduq,
Vətən, başın sağ olsun!