Qafqaz Əvəzoğlu

YADIMA DÜŞÜBDÜ

Yurd-yuvamda keçirtdiyim hər günüm,
Ötüşən il, ay yadıma düşübdü!
Bir səs olcaq ayağından başacan,
Kəndə düşən hay yadıma düşübdü!

İşdən-gücdən yorğun-arğın qayıdıb,
Dincələrdik körpələri oynadıb.
Qapımızda samavarı qaynadıb,
Dəmlədiyim çay yadıma düşübdü!

Neçə vaxtdı bir dərd əyib qəddimi,
Bölə bilmir köhnə qonşum dərdimi.
Düşünürəm viran qalan kəndimi,
Başdan-başa tey yadıma düşübdü!

Demə orda yaşamışıq bəy kimi,
İndi burda dolaşırıq səy kimi…
El yığışıb götürdüyü toy kimi,
Qapımdakı vay yadıma düşübdü!

Ov etdiyim dərələrdə hənirti,
Kol dibindən qopartdığım göyərti,
Hərlədiyim yeddi nömür kərənti,
Qatladığım lay yadıma düşübdü!

Yad dolanır ta “Hərtiz”i, “Səngər”i,
Hardan alım Qoç Nəbini, Həcəri?!
Göz yaşımdı Bərgüşadla Həkəri,
Baş vurduğum çay yadıma düşübdü!

Kəndimizdə “toybaşı”ydı üç nəfər,
Həsənalı, Həsənqərə, Qəzənfər…
Qara zurna nazlanardı bəxtəvər,
O “Yallı”lı toy yadıma düşübdü!

Gül açmadı ta Qafqazın dediyi,
Zəhər oldu neçə vaxtdı yediyi…
Qonşuların qonşulara verdiyi,
Göndərdiyi pay yadıma düşübdü!!

2005.

SORUŞ

= Bir nəfər yerli “şair” biz qaçqınlara xitabən mənə: Eh,
sizin nə dərdiniz var e, bütün kommunal – işıq,
qaz, su və s. xərclərinizi dövlət ödəyir, üstəlik də
sizlərə verilən yardımlra əlavələr də alırsız,- dedi =

Mənə dərdsiz deyən, ay zalım oğlu,
Sən məni mən dərdli olandan soruş!
Yuvası uçandan, yurdu yanandan,
Obası virandan, talandan soruş!

Qapını kəsməyib hələ duman-çən,
Demirəm mən dərdə sən də düşəsən.
Dərdimi öyrənib bilmək istəsən,
Qəzadan qəhərin alandan soruş!

Fələk qarğayandan, evin yıxandan,
Başına qayalar, daşlar yağandan,
Gündüzlər yurd sarı durub baxandan,
Şər vaxtı gözləri dolandan soruş!

Ətirli baxçası, bəhrəli bağı,
Yarpızlı bostanı, çiçəkli tağı,
Laləli çəməni, reyhanlı dağı,
Yamyaşıl ormanı solandan soruş!

Başının üstünü kəsəndə yağı,
Qazanda qatığı, nehrədə yağı,
Ləyəndə ayranı, teştdə qaymağı,
Atıb qaça bilən nalandan soruş!

Ulağı alıxda, dəvəsi xıxda,
Sürüsü ağılda, malları mıxda,
Toyuğu-cücəsi əldə-ayağda,
Itləri zəncirdə qalandan soruş!

Qız-gəlin bulaqda atdı sənəyi,
Tavada xörəyi, sacda çörəyi…
Bir təhər çıxartdım anam Göyçəyi,
Sal bizdən yolunu, bir ondan soruş!

Qaldı qapılarda tığla taxılı,
Tayası vurulu, kumu tıxılı…
Saydıqca birbəbir qəlbim sıxılır,
Bilmə ki, deyirəm yalandan, soruş!

Halakın çıxar e, itsə bir iynən,
Olarsan imandan, çıxarsan dindən…
Bir çöp götürməyib dolu evindən,
Yol boyu saçını yolandan soruş!

Taptaq altındadı qəbirstanlığım,
Qoparıb daşını, aparıb yağım.
Qaralıb ocağım, sönüb çırağım,
Dərd nədi, havasın çalandan soruş!

Dördgözlü açıram hər gecə danı,
Gedib yoxlayıram yirdu-yuvan.
Hər gün xatırlayıb eli-obanı,
Şirin xəyallara dalandan soruş!..