GEDİM
Qoşulub qərib durnaya,
Qərib-qərib köçüm gedir.
İlahi, bir yol aç mənə,
Bu yerlərdən köçüm gedim.
Qərib durna, qərib ağı,
Darıxanda məni çağır.
Göndər bir piyalə ağu,
Şərbət kimi içim gedim.
Yaranışdan beləyəmmi,
Azadammı, köləyəmmi?!
Zəncir kəsir biləyimi,
Dizlərimdən gücüm gedir.
Aldanıb ağlıma gəlim,
Qoşulub ilğıma gəlim.
Yolumdan saxlama, gəlim,
Qoy sakitcə keçim gedim.
Kəc baxılsa yurd daşına,
El dağılar, yurd daşınar.
Bu dünyanın yaddaşına
Əbədilik köçüm, gedim.
USTAD, BİR DÖN SİNƏMƏ BAX…
«Gəl gör mənə eşq neylədi»
Yunis İmrə
Bu sevda dəli sevdadı,
Tükənməz macərası var.
Nə bu dərdə əlac edən,
Nə bu dərdin çarısı var.
Oldu ömrün yazı talan,
Yazıq satan, yazıq alan.
Nə ondan bir razı qalan,
Nə ondan bir narazı var.
Yön çevirib dağa-daşa,
Bulaq oldu gözüm – daşan.
Nə gözümdə ağdan nişan,
Nə gözümün qarası var.
Eşq qonaqmış, sinəm otaq,
Qonaq çəkdi sinəmə dağ.
Ustad, bir dön sinəmə bax,
Gör, salamat harası var?