Saqif QARATORPAQ

* * *

Bəlkə bu gün
günlərin ən gözəlidi,
sabahlar ağlamalı,
dünənlər gülməlidi.
Bəlkə bir də
sevinməyəcəyik belə,
belə şirin
olmayacaq həsrətin.
belə gözəl olmayacaq
ayrılıqlar…
belə gözəl olmayacaq
təbəssümün.
Bəlkə bu gün
elə sən deyən gündü,
təkcə sənin üçündü…
Bəlkə bir də
sevməyəcəksən belə,
titrəməyəcək əllərin
bu qədər,
Belə gözəl olmayacaq
kədər…
Bəlkə elə…
Bu gün
bitməyib hələ.

* * *

Bir həsrət qoxusu var
bu səhər sazağında.
Hər gün adın üşüyər
dilimdə,dodağımda.

Gözlərimin yaşında
bir xatirə islanar.
Göz yaşımı silməyə
yarpaq tökər ağaclar.

Rəsmini çəkmək üçün
durmuşam yol üstə mən.
Fırçasını almışam
son baharın əlindən.