tm

XILASKAR İMİŞ

Düşünüb içimdən gələni yazdım,
Gah barlı payızdım, gah güllü yazdım,
Gah çalan tar idim, gah da ki, sazdım,
Sən demə şeirlər xilaskar imiş.

Ruhlara qidaymış, xəstəyə dərman,
Sahili mərcan tək, özü bir ümman,
İlıq nəfəsindən dururmuş zaman,
Sən demə şeirlər xilaskar imiş.

Vəsf edib çəkdikcə gülü, çiçəyi,
Öpüb qoxladıqca məxmər ləçəyi,
Cana dəva imiş sözün göyçəyi,
Sən demə şeirlər xilaskar imiş.

Yazdıqca doymadım gözəldən, gözdən,
Alma yanaqlardan, surətdən, üzdən,
Eliksir etdikcə kəlmədən, sözdən,
Sən demə şeirlər xilaskar imiş.

Sevgini hopdurdum, sözə, şeirə,
Möcüzə kəlmələr döndü sehirə,
Sınmış ürəklərə sözlərmiş çarə,
Sən demə şeirlər xilaskar imiş.

07. 12. 2015

VALLAH, TƏZƏLƏNİR

İçimdə bir təlatüm var,
Yırğalanır, ləpələnir.
Köksün altda olan qubar,
Böyüdükcə təpələnir.

Topalanır axşam, səhər,
Ha bal içsən olur zəhər.
Ürəyimə dolan qəhər,
Qəlb içində qəlpələnir.

Qalxa – qalxa başa çıxır,
Buludları şimşək çaxır,
Od, alovu gözə axır,
Didələrdən səpələnir.

Içim olub dağım – dağım
Gülkən solub baxça- bağım ,
Quruduqca ləkdə tağım,
Şaxta vurur xəzəllənir.

Yox köhnəsi dərd azarın,
Gəl tərpətmə söz bazarın,
Mənim kimi bir yazarın,
Dərdi vallah, təzələnir.

04. 12. 2015

NƏDƏN AĞLAYIR

Saplaqdan qırılıb düşübdü yerə ,
Aldandı, üzüldü qönçə bir kərə?
Batıb göz yaşına, batıbdı tərə,
Bilən varmı bu gül nədən ağlayır?

Torpağa gömülür yaşıl yarpağı,
Qurumaq istəmir incə budağı,
De, necə qaytarsın baxçanı, bağı,
Bilən varmı bu gül nədən ağlayır?

Al rəngli ləçəklər dərdlə bükülür,
Yanağa xal düşür, bağrı sökülür,
Üzündən, gözündən ələm tökülür,
Bilən varmı bu gül nədən ağlayır?

Ömür sona çatır, çəkir İntizar,
Hicrandan, həsrətdən qalıbdı naçar,
Dilsiz ağızıyla edir ahu – zar,
Bilən varmı bu gül nədən ağlayır?

Alıahım torpaqdan qaldır bu gülü,
Bəzəsin baxçanı, çəməni, çölü,
Gəlsin də yetişsin aşiq bülbülü,
Bu gülün qəlbində sevgi çağlayır!

08. 12. 2015

SƏMADAN ENİR

Çox uzundu soyuq payız gecəsi,
Sənli düşüncələr yatmağa qoymur.
Gələydi, çataydı sənə bircəsi,
Yoxsa ki, ruzigar çatmağa qoymur?

Səhərlər çıxanda evdən küçəyə,
Üzünə toxunan xəfif mehəm mən.
Həsrətdən qanamış gülə, ləçəyə,
Sənin yanağına düşən şehəm mən.

Küləklər güclənsə, budağı əysə,
O, mənəm, həsrətdən çılğın olmuşam.
Pəncərə şüşəni damcılar döysə,
Ağlayan buludam, yaşla dolmuşam.

Könlünü titrətsə musiqi səsi,
O, mənəm, könlümün telləri dinir.
Qəlbimi dağlayan hicran nəğməsi
Ruhumla birlikdə səmadan enir.

12 12 2015