10818593_717633538314366_1000672302_n

Gözümə dəymirsən uzun zamandı,
Ölüb-qalmağından xəbər də yoxdu,
Bu həsrət bilmədim nə imtahandı?!…
Könlüm sən gedəndən hər şeyə toxdu.

Zaman da qoşulub səninlə getdi,
Ruhum bədənimdən öncə qocaldı.
Sənsizlik qəlbimi tamam keyitdi,
İllər sevincimi əlimdən aldı.

Mən səni görəndə uşaqlaşardım
Tez-tez kövrələrdim, tez-tez gülərdim.
Var olan dünyadan uzaqlaşardım,
Səndə yaşayardım, səndə ölərdim.

Mən səni görəndə gözüm dolardı,
Üzünə davamlı baxa bilməzdim.
Əllərim titrəyər, üzüm solardı,
Qəlbimin sözündən çıxa bilməzdim.

Mən səni görəndə məsumlaşardım,
Duyardım həyatın şirinliyini.
Xeyli gücsüzləşib məzlumlaşardım,
Görəndə mənə göz süzdürməyini.

Mən səni görəndə özüm olmazdım
Özüm də bilmədən başqalaşardım.
Sənli məqamları qəmgin olmazdım,
Hər kəsə, hər şeyə doğmalaşıram.

Mən səni görəndə dilim susardı,
Gözlərim danışar, səni anardı.
Həyat bizi görüb səsin qısardı,
Ürəyim yenidən alovlanardı…

Artıq nə sən varsan nə də biz varıq,
Səni məsafələr aldı əlimdən.
Nə qədər əhd etsək də ayrılmarıq,
Adın da zamanla düşdü dilimdən.

Sən də unudarsan bir gün, darıxma,
Hər zaman sevəcək deyilsən məni.
Güclə unutmuşam, qarşıma çıxma,
Qorxuram yenidən sevərəm səni.