Şairə-publisist Nəcibə İLKİN.“Dəli bir ağlamaq keçir könlümdən”

This image has an empty alt attribute; its file name is necibexanim-300x300.jpg
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

“Dəli bir ağlamaq keçir könlümdən”
Mərhum həmkarımAli Mustafayeve xitaben

Dağlar boyda həsrət bitib gözümdə,
Qasırğası, tufanı var izimdə,
Bu həsrətdən üzülmüşəm özüm də,
El dağıldı, oba köçdü yerindən,
“Dəli bir ağlamaq keçir könlümdən”.

Gör nə qədər biçilmişik zəmi tək,
Dəryalarda qərq olmuşuq gəmi tək,
Telli sazın qəm oxuyan simi tək,
Köklənmişəm “Kərəm üstə” zilindən,
“Dəli bir ağlamaq keçir könlümdən”.

Nə zamandır dağlarımı qar almır,
Sünbüllərim dənə dolub saralmır,
Yaralarım sağalmır ki, sağalmır,
Palıd idim, qopulmuşam kökümdən,
“Dəli bir ağlamaq keçir könlümdən”.

Vətən dərdi bir dərdimi min eylər,
Həsrət axar sinəm üstdən sel eylər,
Harda qaldı buz buaqlar, güneylər,
Vulkan kimi püskürürəm içimdən,
“Dəli bir ağlamaq keçir könlümdən”.

Xocalı harayı, Şuşa naləsi.
Kəlbəcərin qan harayı, qan səsi,
Sızlayır Ağdamın şuru, nəğməsi,
Ağ dünyamın baxıb gecələrindən,
“Dəli bir ağlamaq keçir könlümdən”.

Tərtər çayım Arazlaşıb, ay Alı!
Dərdim yaman dənizləşib, ay Alı!
Qarabağım Təbrizləşib, ay Alı!
Karvan getdi, el ayrıldı köçündən,
“Dəli bir ağlamaq keçir könlümdən”.

1998. yanvar