Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, Jurnalistlər Birliyinin və Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm”, Rəsul Rza adına beynəlxalq, Həsən bəy Zərdabi adına mükafatlara layiq görülən Zöhrə Əsgərovanın “Dünya, barışmışam səninlə” kitabı işıq üzü gördü.
         Yazıçı-publisist Zöhrə Əsgərova oxucular arasında daha çox mədəniyyət sahəsi ilə bağlı araşdırmaları, elmi-populyar yazıları ilə tanınır. ”Talelərə yazılan musiqi”, “Tarixi yaddaş və qondarma əhvalatlar”, “Odisseya “Korablya durakov”, “Zdes proletel angel” adlı kitabları və başqa esseləri oxuculara yaxşı tanışdır.
         “Dünya, barışmışam səninlə” kitabında müəllifin fəlsəfi düşüncələri, mənsur şeirləri və xatirələrində yaşayan unudulmaz sənətkarlar haqqında yazılar, rəylər toplanmışdır. Müəllif insanın cəmiyyət qarşısında vəzifələrini, şəxsiyyətin yetişməsi üçün sağlam mühitin vacibliyi haqda dərin, bəşəri fikirlərini bədii şəkildə oxucularla bölüşür. Yazıçı bəşəriyyətin gələcək taleyi üçün çox narahatdır.
         Zöhrə Əsgərovanın yaradıcılıq axtarışları davam edir. “Dünya, barışmışam səninlə” adlanan yeni kitabın əsas məziyyəti ondan ibarətdir ki, onun qəhrəmanları öz həqiqətinin axtarışında, əqidəsi uğrunda mübarizə əzmindədirlər.
         Kitabın “Düşüncələrimlə üz-üzə” bölməsində iyirmi iki, “Mənsur şeirlər” bölməsində otuz, “Xatirələr, rəylər” bölməsində on bir material yerləşdirilmişdir. Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədovadır.