Şəfa VƏLİYEVA.Yeni şeirlər

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

* * *

bircə ovuc göz yaşısan…
haramdı gözəlliyin…
Bilirmi məni yaradan,
xoş günümün baş daşısan?
ayparam…
ciyərparam…
addımlarım izlərinin fədaisi…
Uçuq-sökük arzularım
eşqin ən ibtidaisi…
o vaxt bu cür sevərmişlər…
“Yarı zormuş, yarı xoş…”
Ayrılanda ölərmişlər…
İndi ayrılanlar sərxoş…
 
***
Sən gedən yollara elə söymüşəm…
Abrı olsa, bir də adam aparmaz…
Özümü həsrətlə elə döymüşəm…
Abrım olsa,
Bir də könlüm eşq doğmaz…
Sən vardın…
Göylərə bir əhdim vardı;
Hər səhər duamı gülə bələrdim…
Tanrı əmanəti bir ömür vardı
Getdin, o ömrü də külə döndərdim…