This image has an empty alt attribute; its file name is adilexanim.jpg

Bir üz çəkəm –
qonur gözlü,
açıq baxışlı,
iti zehnli ,
gülümsər qəlbli ,
təmiz ruhlu,
bütöv sözlü …
dalanlarda azmamış,
yalanlara bulaşmamış,
gerçəkləri aşmamış… –
ADAM qoyam adını…

* * *
O mövzuda nə vaxt söhbət düşərsə,
Gülən üzüm kölgələnər, saralar.
Bir balanın harda gözü yaşarsa,
Burda gözüm toran tutar, qaralar.

Əgər bilsə ki, ürəyimdə nə var –
Gəlib səcdə edərdilər adamlar.
Yel əsdikcə korunlayan qadam var,
Göyüm açılanda yerim daralar.

Fikrim, zikrim dağdan keçər, azaram,
Kədərimi vərəq-vərəq yazaram,
Hamıdan, hər kəsdən uzaq gəzərəm,
Qorxuram, qız-oğul hanı? -soralar.

Demə niyə bulud kimi dolmuşam,
Dərd gül açır, qucağından solmuşam.
Xəbərin yox, çox ağlağan olmuşam,
Yorulmuşam, yüküm çox bu aralar.

Küləkləri dolamışam telimə,
Nə elədim düşdü elin dilinə,
Ay Adilə, ağla mənim halıma,
Halım ürək dağlar, könül paralar.