This image has an empty alt attribute; its file name is 74987308_2354162254709962_1203001377328988160_n.jpg

***

Tanrım, göyünü təmizlə,
buludlarını arıtla.
Üstünə gəlirik yenə
bu qədər topla, barıtla…

Baxma, dilimiz duadı,
yalançı sərgi-sərmədi.
Gözlərimiz iti güllə,
ayaqlarımız mərmidi.

Bir gün neçə sifətdəyik,
adam arından tər tökür.
Bizi torpaqdan yaradıb,
torpaq etdiyinə şükür.

***

Nə xeyirdə xeyir idi,
Nə mümkündə qeyri idi,
Hər kəs bir az əyri idi…
“Dünyanın düz vaxtıydı.”

Bir belə düzlük nağıldı,
Düyünün çözdük dağıldı.
Kim deyir, yanan ağıldı,
Ürəyin köz vaxtıydı.

Çox deyil ki, düşün bir az,
Bir gün, əlbət, bitir həvəs.
Tanrı göz ilə görünməz,
Bədənin göz vaxtıydı.

“Biri vardı, biri yoxdu.”
Haqqı vardı, siri yoxdu…
Qələminin xırı yoxdu,
Ölümün söz vaxtıydı.