This image has an empty alt attribute; its file name is 74987308_2354162254709962_1203001377328988160_n.jpg

Bir çəmən var idi, rüzgarlar əsən,
Qucağı doluydu bənövşə, süsən.
Bir gül də var idi dünyadan küsən,
Yaman üşüyürdü bu səhər çağı.

O boyda çəməndə sanki tək idi,
İçini çəkirdi, fikrə gedirdi.
Xeyiri yox idi, eh, nə edirdi,
Yaman üşüyürdü bu səhər çağı.

Yenə ləçəklərin öpürdü duman,
Bir bahar şehiylə dolmuşdu yaman.
Boş yellər telini qoxlayan zaman,
Yaman üşüyürdü bu səhər çağı.

Yeni çiçəklərlə gəlmişdi bahar,
O solub gedirdi, başqa yolmu var?
Ona ümidlənib bitən xəyallar
Yaman üşüyürdü bu səhər çağı.

Ömür keçdi, bu ömürdə
daddığı nəydi, göründü.
Gecə-gündüz göz yaşına
qatdığı nəydi, göründü.

Ürək yeni dərdə gəbə,
Can üfürür köhnə təbə.
Susub mərtəbə-mərtəbə
çatdığı nəydi, göründü.

Kim var ömürdən narazı?
Yalanı-dolanı hazır,
Açıldı ilanın ağzı,
Udduğu nəydi, göründü.