Azərbaycanlı gənc yazar Nemət TAHİR.Yeni şeirlər (IIhissə)

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri

Sevinc bizdən uzaq idi,
Kədərin də üzü döndü.
Bumeranqdır sanki həyat,
Nə etdiksə,bizə döndü.

Haqq yoluna üz qoyduq.
Yaramıza duz qoyduq.
Qəlbimizə buz qoyduq.
Buz bir anda közə döndü.

Günah da yük,savab da yük.
Qələm balta,vərəq kötük.
Günahları edam etdik.
Savabımız sözə döndü.
09.04.2020

Elə bu axşam…..


Gözlərimə işıq düşür,
Zülmət çöküb daxilimə.
Büvə düşmüş xalı kimi,
Sökülürəm ilmə-ilmə

Yaddaşımın çığırların
İtirmişəm,ot basıbdır.
Xəyallarım,arzularım
Məni yolda azdırıbdır.

Bu həsrətin qoxusu da,
Çin çıxmayan yuxusu da
Tək qalmağın qorxusu da
Yalnızlıqdan dəhşətlidir.